Arye Quta ADU-nun “Fəxri professoru” adı veriləcək

Arye Quta ADU-nun “Fəxri professoru” adı veriləcək Azərbaycan Dillər Universitetində (ADU) “Arye Qut və Azərbaycan həqiqətləri” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, akademik Kamal Abdulla bildirib ki, Arye Qutla əməkdaşlıq və dostluq əlaqələri uzun illər əvvəl başlayıb. Arye Qut Azərbaycandan getsə də, azərbaycanlı olaraq qalıb, ölkəmizlə əlaqəsini kəsməyib. O, Azərbaycana olan məhəbbətini qoruyub və bunu ətrafındakı insanlara da aşılayıb.
“Arye bizim xaricdə yaşayan dostlarımızdan ən fəalıdır. O, İsraildən buraya soydaşları, dünya KİV-ləri ilə gəlir və Azərbaycanı onlara da sevdirə bilir və dostlarımızın sayını artırır”, - deyə akademik Kamal Abdulla vurğulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva deyib: “Arye Azərbaycana olan sevgisi və sayğısı ilə minlərlə insanın nüfuzunu qazanıb. Artıq hamı bilir ki, Arye Azərbaycanın İsraildə ürəyidir və vəkilidir. O, Azərbaycanın səsini təkcə İsraildə deyil, məqalələrində, iştirak etdiyi konfranslarda, tədbirlərdə bütün dünyaya çatdırmağa çalışır. Biz onu Azərbaycan həqiqətlərinin təbliğində könüllü və səmimi səfir kimi görürük. Arye layihə və maraqlı ideyalar mənbəyidir. 44 günlük müharibədə Azərbaycanın dostları və qardaşlarının kim olduğu bir daha təsdiqini tapdı. Torpaqlarımız azad edilib, indi işlərimiz daha çoxdur, bundan sonra daha böyük layihələrə imza atacağıq”.
İsrailin Azərbaycandakı səfirinin birinci müavini Doron Peer İsrail-Azərbaycan siyasi, iqtisadi münasibətlərinin qurulması və inkişafında göstərdiyi uğurlu fəaliyyətinə görə Arye Qutu təbrik edib. Doron Peer İsrail-Azərbaycan münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, Arye hər bir azərbaycanlı üçün doğma və əzizdir. Onun davamlı olaraq Azərbaycanda keçirilən tədbirlərdə, İsraildə və dünyada ölkəmizlə bağlı konfrans və görüşlərdə iştirakı təqdirəlayiqdir.
Azərbaycanda Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev vurğulayıb ki, Arye Qut İsraildə Azərbaycanın elçisidir və bir səfirlik qədər işləyir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Arye Qut ilə həm əməkdaşlıq, həm də dostluq etdiyini deyib. Qeyd olunub ki, Arye Qut Azərbaycan multikulturalizm modelini dünyaya təqdim edir. Arye Qut Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən əcnəbi vətəndaşlar üçün ən yüksək olan “Dostluq” ordeni ilə təltif edilib, Heydər Əliyev Fondu tərəfindən onlarla layihələr həyata keçirib. Xocalı soyqırımının dünyaya çatdırılmasında onun məqalələri və atası Əmir Qutla birgə yazdığı “Ağrı” romanı da böyük əhəmiyyət daşıyır. Arye Qut 2016-cı ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki rəsmi nümayəndəsidir. O, Multikulturalizm Mərkəzinin yay və qış məktəblərində maraqlı ustad dərslər apararaq, iştirakçılara Azərbaycanı sevdirir. Tələbələr onun məruzələrini hər zaman həvəslə gözləyirlər.
Milli Məclisin deputatı Anatoli Rafailov bildirib ki, Arye Qut iki dövlətin layiqli və dəyərli oğludur. O, ideyalarla yaşayan insandır. Bütün həyatını iki dövlətin yaxınlaşmasına həsr edib. Arye Qut fəxrlə hər yerdə deyir ki, Azərbaycanda antisemitizm yoxdur, yəhudilərə burda yaşayan digər xalqlar kimi xoş və dünyada analoqu olmayan münasibət bəslənir.
Tədbirin sonunda rektor Kamal Abdulla qeyd edib ki, uzun illərdir Arye Qut Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası, İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin tədbirlərində, ustad dərslərində, dəyirmi masa və görüşlərində yaxından iştirak edir. Arye Qutun Xocalı faciəsi, Ermənistan-Azərbaycan münasibətlərinə aid yazdığı 700–dən artıq məqaləsi müəllimlər və tələbələr tərəfindən araşdırılır və öyrənilir. Bütün bunları nəzərə alaraq Arye Quta ADU-nun “Fəxri professoru” adının verilməsi məsələsi universitet Elmi şurasının gündəliyinə daxil edilib.
Sonda Arye Qut deyib: “Mən Azərbaycan xalqının dostu yox, oğluyam. Gördüyüm işləri yalnız və yalnız Azərbaycan naminə edirəm. Azərbaycan sözdə deyil, fakt olaraq multikultural ölkədir. İsrail üçün Azərbaycan Cənubi Qafqazda strateji ölkədir. Burada mənim dostların çoxdur. Dostlar çox olan yerdə insan güclü olur. Mənə verilməsini təklif etdiyiniz fəxri ada görə dərin təşəkkürümü bildirirəm. Mənim uğurum mənim dostlarımın uğurundan asılıdır. Hər zaman bunu deyirəm”.
Dəyirmi masanı Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva və İsrail mərkəzinin müdiri, baş müəllim Emiliya Xuduyeva iki dildə idarə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər