Azərbaycan Britaniya Kollecinin şagirdlərinin məzun günü olub

Azərbaycan Britaniya Kollecinin şagirdlərinin məzun günü olub Azərbaycan Britaniya Kollecinin (ABC) 13-cü sinif şagirdlərinin məzun günü tədbiri keçirilib.
Tədbir Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarpın şəxsi iqamətgahında baş tutub. Bu il ABC-dən məzun adını qazanmış 13 şagird dünyanın müxtəlif nüfuzlu universitetlərinə qəbul olublar.
Səfir C.Şarp öz ürək sözlərini məzunlara çatdırıb, təhsilin şagirdlərin gələcək həyatındakı mühüm rolundan bəhs edib.
Rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri İlkin Aslanov şagirdləri təbrik edib.
Məzunlardan Səid Eyyubov çıxış edərək yoldaşlarını təbrik edib və onlara daim irəli getməyə, daha uca zirvələrə çatmağa arzulayıb.
Bu il ABC-dən 13 şagird məzun olub. Onlardan Dinana Maşevskaya 2 illik A level kursunu 1 il ərzində tamamlayaraq Amsterdam Universitetinin Biznesin İdarəolunması fakültəsinə qəbul olub. Salar Ardebili məktəbin Tələbə şurasının xəzinədarı vəzifəsində çalışıb, bilik yarışmasında qızıl medal qazanıb və Londonun Brunel Universitetinə mexaniki mühəndislik fakültəsinə qəbul olub. Morokkodan ABC-yə qəbul olmuş Anastazja Bazus Londonun Queen Mary Universitetinin ingilis və fransız hüquq fakültəsinə qəbul olub. Səid Eyyubov “2017 Genius Global Environmental Issues and US Olympiad” Olimpiadasında qızıl medal qazanıb. O, Böyük Britaniyanın bir sıra nüfuzlu universitetlərindən qəbul təklifi alsa da, təhsilini Amerikanın nüfuzlu universiteti olan Berkeley Universitetində mexanika mühəndisliyi fakültəsində davam etdirmək qərarı alıb. Luis Enrique Julia Lander ABC-yə Çilidən qəbul olub. O, Exeter Universitetində beynəlxalq siyasət və film fakültəsinə qəbul olub.
Tələbə şurasında xəbərlər üzrə menecer vəzifəsində çalışan, bilik yarışmasında qızıl medal qazanan Əsmər Əlixanlı Vita Salute San Raffaelle Universitetinin beynəlxalq tibb fakültəsinə qəbul olub. Nəzrin Dadaşlı Tələbə şurasında vitse-prezident vəzifəsində çalışıb, tədbirlərin təşkil olunması üzrə koordinator olub və bilik yarışmasında qızıl medala layiq görülüb. O, Newfoundland Memorial Universitetinin dəqiq elmlər fakültəsinə qəbul olub. Tələbə şurasının prezidenti olan, 3 dəfə bilik yarışmasında qızıl medal qazanan Cavid Quliyev Kanadanın prestijli universiteti olan Toronto Universitetinin sənət və elm fakültəsinə qəbul olub. ABC-nin çalışqan şagirdlərindən olan Ülvi Ələsgərov Charles Universitetinin tibb fakültəsinə qəbul olub. Bilik yarışmasında qızıl medal qazanan Kənan Mirzoyev Vita Salute San Raffaelle Universitetinin tibb fakültəsinə daxil olub. 2014-cü ildən ABC-nin şagirdi olan Ceren Tasbag Türkiyənin nüfuzlu universiteti olan Koç Universitetinin molekulyar biologiya və genetika ixtisasına qəbul olub. Alika Gadjiyeva 2014-cü ildən ABC-də təhsil alır və Concordia Universitetinin siyasi elmlər fakültəsinə daxil olub. ABC-nin daha bir istedadlı şagirdi olan Ayan Həmidova Türkiyənin Bilkend və ODTÜ universitetlərinə molekulyar biologiya ixtisasına müraciət edib və nəticələri gözləyir.
Məzun gününün digər qonağı Britaniya Konsulluğunun İngilis dili və Təhsil Departamentinin rəhbəri Nərgiz Hüseynova şagirdlərə gələcək həyatlarında uğurlar arzulayıb və bundan da gözəl nailiyyətlər qazanmalarını diləyib.
Məktəbin direktoru Karl Lander şagirdləri təbrik edib, dünyanın nüfuzlu universitetlərinə qəbul olduqlarına görə onlara uğurlar arzulayıb.
Bağlanış çıxışı edən məzun Cavid Quliyev ABC-də şagird olduqları dövrlərlə bağlı xoş xatirələrini bölüşüb və onların həyatında əvəzedilməz rolu olan müəllimlərinə təşəkkürünü bildirib.
Sonda məzunlarla xatirə şəkilləri çəkdirilib və səmimi söhbət aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər