UNEC: Bu il Biznes və menecment fakültəsinə 451 tələbə qəbul olunub

UNEC: Bu il Biznes və menecment fakültəsinə 451 tələbə qəbul olunub 2019-2020-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinə 451 tələbə qəbul olub. Onlardan 118-i biznesin idarə edilməsi ixtisasını, 154-ü menecment, 74-ü kommersiya, 75-i marketinq, 30-u isə dövlət və bələdiyyə idarəetməsi ixtisasını seçib.
Bu barədə UNEC-in Biznes və menecment fakültəsinə qəbul olan birinci kurs tələbələri ilə görüşdə məlumat verilib.
Fakültənin dekanı, dosent Mirağa Əhmədov bu ali məktəbdə elektron universitet modelinin tətbiq olunduğunu, tədris materiallarının, dərsə davamiyyətin tamamilə elektronlaşdırıldığını diqqətə çatdırıb. Mirağa Əhmədov qeyd edib ki, hər il olduğu kimi, bu il də fakültəyə qəbul planı yüksək göstəricilərlə tamamlanıb. O, UNEC-də imtahanların mərkəzləşdirilmiş qaydada, ictimaiyyətə açıq keçirildiyini vurğulayıb.
Dekan universitet-tələbə-valideyn mobilliyinin səmərəli təşkilinin tədris keyfiyyətinə müsbət təsirindən söz açıb. Tələbələri bilik almaqla yanaşı, universitetin sosial-ictimai həyatında fəal olmağa çağırıb.
Görüşdə elmi-tədris və təcrübənin təşkili, mentorluq fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, tələbələr tədris ili ərzində nəzəri biliklərlə yanaşı, ixtisaslarına uyğun olaraq, istehsalat müəssisələrində praktiki biliklərə də yiyələnəcəklər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər