İlahiyyat İnstitutunda Özbəkistan Beynəlxalq İslam Akademiyasının silsilə mühazirələri başlayıb

İlahiyyat İnstitutunda Özbəkistan Beynəlxalq İslam Akademiyasının silsilə mühazirələri başlayıb Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müəllim, tələbə və əməkdaşlar üçün Özbəkistan Beynəlxalq İslam Akademiyası tərəfindən təşkil olunan silsilə mühazirələr başlayıb. Mühazirələr “Zoom” proqramı vasitəsilə onlayn formatda keçirilir.
Özbəkistan Beynəlxalq İslam Akademiyasının elmi işlər və innovasiyalar üzrə prorektoru, filologiya elmləri doktoru, professor Zahidcan İslamov açılış nitqində Özbəkistan ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərindən bəhs edib. İki dövlət arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində mövcud əlaqələrdən danışıb.
Daha sonra Zahidcan İslamov Aİİ ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində imzalanan anlaşma memorandumunun icrası ilə bağlı İlahiyyat İnstitutunun müəllim-tələbə heyətinə, əməkdaşlarına mühazirələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Özbəkistanın İmam Matrudi Beynəlxalq Elm-Tədqiqat Mərkəzinin direktoru, tarix elmləri doktoru Davronbek Maxsudov “Mavəraünnəhrdə təfsir elmi” mövzusunda mühazirə ilə çıxış edib. O, məruzəsində təfsir elminin ilahiyyatın əsas bölmələrindən biri olduğunu vurğulayaraq, “Qurani-Kərim”i oxuyub anlamaq üçün bu sahəyə yiyələnməyin vacibliyini söyləyib. Daha sonra təfsir elminin yaranması, inkişafı və bu sahənin alimləri haqqında ətraflı məlumat verib. Təfsir elminin Mavəraünnəhrdə inkişafı və tarixi haqqında bilgi verərək, Orta Asiya dövlətlərində İslam mədəniyyəti və tarixinə bəxş etdiyi töhfələrdən söz açıb.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər