Əlyazmalar İnstitutu və Ərdəhan Universitetinin İlahiyyat fakültəsi arasında anlaşma memorandumu imzalanıb

Əlyazmalar İnstitutu və Ərdəhan Universitetinin İlahiyyat fakültəsi arasında anlaşma memorandumu imzalanıb Fevralın 3-də Türkiyənin Ərdəhan Universitetinin İlahiyyat fakültəsinin əməkdaşları – professor Yusif Ələmdar, dosent Kərim Faruk, Məhəmməd Lətif Altun və Rəşad Əhməd Ağaoğlu Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.
Tədqiqatçılar elmi müəssisədə saxlanan ərəbdilli əlyazmalarla maraqlandıqlarını və burada “Hədis, təfsir, fiqh və ərəb dili” mövzusunda araşdırma aparmaq niyyətində olduqlarını diqqətə çatdırıblar. Qonaqları maraqlandıran sahə haqqında ətraflı məlumat verən akademik Teymur Kərimli burada ərəbdilli əlyazmaların çoxluq təşkil etdiyini, təkcə islam dinini deyil, eyni zamanda, digər dünya dinlərini əhatə edən əlyazmaların qorunduğunu və onlar haqqında sanballı tədqiqat işləri yazıldığını qeyd edib.
Sonra Əlyazmalar İnstitutu ilə Ərdəhan Universitetinin İlahiyyat fakültəsi arasında anlaşma memorandumu imzalanıb. Sənədi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Ərdəhan Universitetinin İlahiyyat fakültəsinin dekanı, professor Yusif Ələmdar imzalayıblar. Anlaşma memorandumunun imzalanmasında məqsəd ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, kitabxana materialları mübadiləsi, kadr hazırlığı və digər müvafiq məsələləri həyata keçirməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər