İlahiyyat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

İlahiyyat İnstitutu beynəlxalq əlaqələrini genişləndirir Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Rusiya Federasiyasının ilk İslam Akademiyası olan Bolqar İslam Akademiyası arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq protokolu imzalanıb.
Sənədi Aİİ-nin rektoru Ceyhun Məmmədov və Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdurrahmanov imzalayıblar.
Protokolda iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında faydalı əməkdaşlığa əsaslanan elmi tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər də yer alıb.
Xatırladaq ki, Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Rusiya ali məktəblərinin təcrübəsindən yararlanmaq, tələbə mübadiləsi aparmaq, həmçinin ali məktəblər arasında əlaqələrin genişləndirilməsidir.
Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb. Türkiyənin Ankara, İstanbul, Mərmərə, 29 Mayıs, Kırıkkale universitetləri, Rusiyanın Moskva İslam İnstitutu, Omsk Dövlət Universiteti, Özbəkistan Beynəlxalq İslam Akademiyası ilə əməkdaşlıq protokolları imzalayıb.

Tehsil-press.az

Oxşar xəbərlər