Delaver Universitetinin tələbəsi: Məqsədim ABŞ-da Azərbaycanın layiqli təmsilçisi olmaqdır

Delaver Universitetinin tələbəsi: Məqsədim ABŞ-da Azərbaycanın layiqli təmsilçisi olmaqdır Təhsilimi daha da inkişaf etdirmək və ölkə hüdudlarından kənarda oxumaq, irəli getmək arzum idi. Valideynlərim də bu yolda mənə öz dəstəyini göstərdilər.
Bu fikirləri ABŞ-ın Delaver Universitetinin Siyasi elmlər bölməsinin 1-ci kurs tələbəsi 16 yaşlı Nigar İsmayılova deyib.
O bildirib ki, Azərbaycanda 9-cu sinfi uğurla bitirdikdən sonra təhsilini ABŞ-da davam etdirmək istəyib. Bunun üçün lazım olan müsahibələrdən keçərək ABŞ-ın Müqəddəs Məryəm Liseyinin (“St.Mary’s high school”) 11-ci sinfinə qəbul olub: “Məsuliyyətim daha da artdı. Bu, sərbəst həyatımın ilk addımı idi. Həyəcanlı idim, çünki yad ölkədə nəinki oxumalı, həm də hər bir vətəndaş kimi ölkəmi layiqincə təmsil etməli idim. Bütün gücümü, marağımı təhsilimə həsr etdim və istədiyim nəticəyə çatdım. Oxuduğum məktəbin ən yüksək balını (4.0-dan 4.0) topladım. “Milli Şərəf Cəmiyyəti”nin (National Honor Society) fəxri üzvi oldum. Eləcə də “Yaşıl fəxri lövhə” və 2 akademik sertifikat qazandım. Bununla yanaşı, mən cəbr II, ədəbiyyat və kompozisiya dərslərindən “İlin tələbəsi” adına layiq görüldüm. İngilis dili və sosial elmlər üzrə fakültənin ən yaxşı tələbəsi seçildim. ABŞ prezidenti Co Bayden və ABŞ-ın Təhsil katibi Migel Angel Kardona tərəfindən imzalanan “The President's Education Awards” proqramına layiq görüldüm”.
Nigar İsmayılova vurğulayıb ki, istəyi əzmlə irəli getmək və qalib gəlmək olub. Həm ailəmin, həm də müəllimlərimin mənə olan güvənini doğrultdum.
“Və beləliklə daha bir addım atmalı, universitet seçməli idim. Yanvar ayında Delaver Universitetinə müraciət etdim və elə həmin ayda da qəbul oldum. İndi Delaver Universitetinin Siyasi elmlər bölməsinin 1-ci kurs tələbəsiyəm. Dərslərin başlamağını səbirsizliklə gözləyirəm. Sevincliyəm, həyəcanlıyam. Məqsədim ABŞ-da Azərbaycanın layiqli təmsilçisi olmaqdır. Bu amalda yorulmadan daima irəli getmək üçün çalışacağam”, - deyə Nigar İsmayılova qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər