ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib

ADA Universiteti Beynəlxalq İnformatika Olimpiadasında yarışan milli komandamızın iştirakını dəstəkləyib ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsi Sinqapurda keçirilən 33-cü Beynəlxalq İnformatika Olimpiadasında ölkəmizi təmsil edən komandamıza təşkilati dəstək göstərib.
Olimpiada iyunun 19-dan 25-dək onlayn rejimdə keçirilib.
Ölkəmizi təmsil edən “Azərbaycan komandası”nın üzvləri sırasında Əziz Hüseynov, Səid Nəsibov, Emin Orucov və Amin Cəlilov yer alıb. Rəşad Məmmədov komandanın lideri, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin tələbələri İbrahim Tağızadə və Hüseyn Hacıyev isə müvafiq olaraq komanda liderinin müavini və köməkçisi seçiliblər.
Tədbirin açılış mərasimində çıxış edən həmin fakültənin dekanı və Olimpiada Beynəlxalq Komitəsinin üzvü Araz Yusubov tədbir iştirakçılarını Azərbaycandan virtual olaraq salamlayıb. O, 88 komandanı təmsil edən 350-dən çox informatika həvəskarına uğurlar arzulayıb.
Tədbir çərçivəsində hər il keçirilən elmi-praktik konfransda bu il həmin fakültənin baş müəllimi Cəmaləddin Həsənov təqdimat edib.
İnformatika sahəsində gələcəyin peşəkarlarını bir araya gətirən olimpiadada 30 iştirakçı qızıl medal qazanıb. Azərbaycan komandası isə 2 bürünc medal əldə edib. Bundan əlavə, Araz Yusubov bütün nümayəndə heyətinin ümumi səsverməsində səs çoxluğu ilə Beynəlxalq Komitəyə 3 illik üzv seçilib.
“IOI” (Beynəlxalq İnformatika Olimpiadası) hər il keçirilən beynəlxalq səviyyəli elm olimpiadalarından biridir. İntellektual yarışın təşkilində əsas məqsədlərdən biri informatika sahəsində qabiliyyətli gəncləri tanıtmaq və kompüter elmlərinin vacibliyini gənclərə çatdırmaqdır.
Xatırladaq ki, Azərbaycanın ev sahibliyi ilə 2019-cu ildə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının təşkilində ADA Universiteti yaxından iştirak edib. Həmin ildən etibarən universitet Beynəlxalq İnformatika Olimpiadasının qayda və standartlarına uyğun Milli İnformatika Olimpiadasının yarımfinal və finalına da ev sahibliyi etməyə başlayıb.
Qalib komandaların siyahısı ilə https://bit.ly/3hoKJXf linki vasitəsilə tanış olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər