ADU-da Konfutsi İnstitutunun yay onlayn lektoriyası fəaliyyətə başlayıb

ADU-da Konfutsi İnstitutunun yay onlayn lektoriyası fəaliyyətə başlayıb Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun yay onlayn lektoriya fəaliyyəti çərçivəsində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Dəniz Gününə həsr olunmuş “Dəniz İpək Yolu: tarix və müasirlik" mövzusunda mühazirə oxuyub. Bu bayram Çinin görkəmli səyyahı və diplomatı Çjen Xenin böyük dəniz hərbi-ticarət ekspedisiyalarının şərəfinə təsis olunub. R. Abbasov mühazirəsində Dəniz İpək Yolunun əsas marşrutlarının xüsusiyyətləri, Çin ticarət gəmiçilik tarixi, görkəmli Çin müsəlman admiralı Çjen Xenin rəhbərliyi altında dəniz ekspedisiyaları, tarixi İpək Yolunun dirçəlişi üçün Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti haqqında məlumat verib.
Rafiq Abbasov mühazirəsində son illərdə tarixi Böyük İpək Yolunun birləşdirdiyi iki ölkə – Azərbaycan və Çin arasında əməkdaşlığın yüksək templə inkişaf etdiyini vurğulayıb. Alim qeyd edib ki, bu, hər şeydən əvvəl, Çin tərəfinin Avrasiya iqtisadi-nəqliyyat dəhlizlərinin yaradılması, həmçinin İpək Yolu ölkələri arasında humanitar mübadilə, mədəniyyətlərarası dialoq və siyasi ünsiyyətin təmin olunması istiqamətində nəzərdə tutulmuş “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində ölkəmizin fəal iştirakı ilə əlaqədardır. Rafiq Abbasov, həmçinin 2015-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə tarixi səfərini yada salaraq qeyd edib ki, bu səfər zamanı ÇXR-in Sədri Si Cinpinlə dövlət başçımız “İpək Yolu iqtisadi zolağının” birgə genişlənməsi sahəsində qarşılıqlı anlaşma ilə bağlı Memorandum imzalayıb. Məhz bu Memorandum gələcəkdə iki ölkə arasında çoxtərəfli əməkdaşlıq istiqamətində möhkəm zəmin olub. R. Abbasov mühazirəsində 1421-ci ildə taxta yelkənli gəmilərdəki çinli dənizçilərin Ədənə çatdıqda və hətta müsəlmanların müqəddəs şəhəri Məkkəni ziyarət etdikləri zaman Çjen Xeninin Fars körfəzinə, Ərəbistan sahillərinə etdiyi ən məşhur ekspedisiyasını diqqətə çatdırıb.
Çjen Xeninin 1405-dən 1433-cü ilə qədər yeddi ekspedisiyasını Asiya və Afrika ölkələrinə yeni dəniz yolları açmaqla kifayətlənmədiyini, həmçinin gəmiqayırma və naviqasiyanın inkişafında texniki bir sıçrayış olduğuna da qeyd edib. Nəticədə bu səyahətlər xalqlar arasında ticarət və mədəni mübadilənin inkişafına əhəmiyyətli bir töhfə verib.

Tehsil-press.az



Oxşar xəbərlər