ADU-da Heydər Əliyevin siyasi irsinin öyrənilməsi üzrə seminar keçirilib

ADU-da Heydər Əliyevin siyasi irsinin öyrənilməsi üzrə seminar keçirilib Mayın 10-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Böyük İpək Yolu: dünən, bu gün, sabah. Heydər Əliyevin siyasi irsindən” mövzusunda elmi seminar keçirilib.
Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Azərbaycan-Çin münasibətlərinin inkişafının əsas tarixi mərhələləri, ulu öndər Heydər Əliyevin Çinə iki ölkə arasında çoxtərəfli əməkdaşlığın əsasını qoyan Böyük İpək Yolu ilə bağlı tarixi səfəri haqqında ətraflı məlumat verib. R. Abbasov həmçinin xatırladıb ki, 2015-ci ilin dekabr ayında Çinə dövlət səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının sədri Si Cinpin “İpək Yolu İqtisadi zonası” adlı birgə layihənin yaradılması üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar.
Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşı Əfsanə Balayeva Azərbaycanın Çinin qlobal əhəmiyyət daşıyan və Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasına yönəlmiş “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsünün həyata keçirilməsində aktiv iştirakı, 1998-ci ildə Bakıda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş “TRASEKA” – Tarixi İpək Yolunun bərpa olunması beynəlxalq konfransı haqqında danışıb.
ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva qeyd edib ki, ulu öndər Heydər Əliyev dövlətimizin milli mənafelərinin təmin olunmasına xidmət edən irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanmasına, elm və təhsil sahəsində köklü islahatların həyata keçirilməsinə, eyni zamanda ölkənin intellektual potensialının inkişafına hər zaman xüsusi qayğı göstərib. Daha sonra Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva “İpək yolu” strategiyasının ümummilli lider Heydər Əliyevin uzaqgörən, uğurlu iqtisadi siyasətinin nəticəsi olmasından, Beynəlxalq münasibətlər kafedrasının müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Aida Yusifzadə Tarixi İpək Yolunun bərpası prosesinin təşkili, onun öyrənilməsi və ictimaiyyətə çatdırılmasında ulu öndərin xidmətlərindən, Xarici dillər kafedrasının müdiri dosent Kifayət Hacıyeva isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.
Seminar çərçivəsində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsindəki İpək yolu” mövzusunda ən yaxşı esse müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da Heydər Əliyevin siyasi irsinin öyrənilməsi üzrə seminar keçirilib
ADU-da Heydər Əliyevin siyasi irsinin öyrənilməsi üzrə seminar keçirilib
ADU-da Heydər Əliyevin siyasi irsinin öyrənilməsi üzrə seminar keçirilib
ADU-da Heydər Əliyevin siyasi irsinin öyrənilməsi üzrə seminar keçirilib

Oxşar xəbərlər