ADU-da Arye Quta “Fəxri professor” diplomu təqdim olunub, Qorxmaz Quliyevin yubileyi qeyd olunub

ADU-da Arye Quta “Fəxri professor” diplomu təqdim olunub, Qorxmaz Quliyevin yubileyi qeyd olunub Azərbaycan Dillər Universitetinin (ADU) Rektoryanı Şurasının növbəti iclası keçirilib. Ali təhsil ocağının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetin rektoru, akademik Kamal Abdulla Azərbaycanın şanlı zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərinin başlamasından bir il keçdiyini diqqətə çatdırıb. Rektor qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində xalqımızın həyatına qızıl hərflərlə həkk olunan səhifə yazdı. Rektoryanı Şuranın iclasında şəhidlərin əziz ruhları bir dəqiqəlik sükutla yad edilib, unudulmaz xatirələri ehtiramla anılıb.
Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik Arye Quta Azərbaycan Dillər Universitetinin “Fəxri professoru” diplomu təqdim olunub. ADU-nun rektoru bildirib ki, Arye Qut Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası və İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzinin tədbirlərində, ustad dərslərində, dəyirmi masa və görüşlərində yaxından iştirak edir. Onun Qarabağ münaqişəsi, Xocalı faciəsi, Ermənistan-Azərbaycan münasibətlərinə aid yazılmış 700–dən artıq məqaləsi müəllimlər və tələbələr tərəfindən araşdırılır və öyrənilir. Bütün bunları nəzərə alaraq, universitet Elmi Şurasının iyunun 3-də keçirilən iclasında Arye Quta “Fəxri professor” adının verilməsi haqqında qərar qəbul edilib.
Arye Qut bu yüksək ada görə ADU-nun rəhbərliyinə, professor-müəllim heyətinə təşəkkürünü bildirib, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan dövlətinin şanlı qələbəsindən və diplomatiya sahəsində qazandığı böyük uğurlarından danışıb.
Daha sonra professor Qorxmaz Quliyevin 80 illik yubileyi qeyd olunub. Akademik Kamal Abdulla Qorxmaz Quliyevin elmi-pedoqoji fəaliyyətini yüksək qiymətləndirib, onun insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb. Qorxmaz Quliyevin Azərbaycanda və dünyada tanınan ziyalı olduğunu diqqətə çatdıran rektor əlavə edib ki, o, müqavilə əsasında Azərbaycan Dillər Universitetinin magistr və doktorantlarının yetişməsinə öz töhfəsini verəcək, öz yüksək elmi potensialını onlarla bölüşəcək.
Qorxmaz Quliyev diqqətə görə akademik Kamal Abdullaya və universitet kollektivinə təşəkkürünü bildirib: “Mənə olan diqqətinizə görə hər birinizə təşəkkürümü bildirirəm. Sizin hər birinizi çox sevirəm. Mən 1961-ci ildən bu günə qədər Dillər Universitetinə bağlıyam. Fəxr edirəm ki, məhz bu universitetdə oxumuşam, işləmişəm. Burada təhsil almağım mənim üzümə çox qapılar açdı. Universitetdə mənim tələbələrim, dostlarım, qardaşlarım var. Kamal müəllimlə bir-birimizi gənclik illərindən tanıyırıq. Bir yerdə çalışmışıq, bir-birimizə həmişə qarşılıqlı rəğbətimiz, hörmətimiz olub. Bir daha mənə olan münasibətinizə görə sizə minnətdaram”.
ADU-nun elmi məsələlər üzrə prorektoru, professor Novruz Məmmədov, Təhsil - 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Təhsil - 2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Magistratura şöbəsinin müdiri Firuzə Rzayeva, doktorantura şöbəsinin müdiri Nərgiz Qarayeva Qorxmaz Quliyevin elmi-pedoqoji fəaliyyəti haqqında fikirlərini bildirib, onu 80 illik yubileyi münasibəti ilə təbrik ediblər.
Daha sonra 8-9 iyul tarixlərində ADU-da keçirilən Məzun günü ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər