Təhsilin cavab reaksiyası

Təhsilin cavab reaksiyası 142 ölkədə təhsil sahəsində qəbul edilmiş cavab tədbirləri sənədləşdirilib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Uşaq Fondu (UNISEF), Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dünya ölkələrində pandemiya dövründə təhsil sistemlərinin cavab tədbirlərinə dair birgə məruzəsi açıqlanıb. Məruzədə 142 ölkədə COVID-19 pandemiyası ilə əlaqədar təhsil sahəsində qəbul edilmiş cavab tədbirləri haqqında məlumatlar yer alıb.
Məlumata görə, məktəblərin pandemiya səbəbindən bağlandığı hər üç ölkədən birində COVID-19 pandemiyası səbəbindən "Təhsil sahəsində Milli cavab tədbirlərinin nəzərdən keçirilməsi" barədə qlobal təlimatlara uyğun olaraq korrektə proqramları hələ də ortada yoxdur. Eyni zamanda, yüksək gəlirli ölkələrin yalnız üçdə biri ibtidai və orta məktəblərdə təhsildə itkilərin ölçülməsi istiqamətində addımlar atır.
UNESCO-nun Statistika İnstitutunun direktoru Silviya Montoya qeyd edir ki, təlimdəki itkilərin ölçülməsi onların nəticələrini yumşaltmaq üçün ən vacib ilk addımdır:” Ölkələr tərəfindən müvafiq düzəliş tədbirlərinin görülməsi üçün bu cür itkilərin miqyasının qiymətləndirilməsinə vəsait qoyulması son dərəcə vacibdir”.
Tədqiqata əsasən, aşağı və orta gəlirli ölkələrin üçdə birindən azı bütün şagirdlərin əyani təhsilə qayıtdıqlarını bildiriblər. Bu fakt biliklərin itirilməsi və şagirdlərin məktəbdən ayrılma riskinin artığını göstərir. Bununla yanaşı, əksər ölkələr şagirdlərin məktəblərə qayıtmasının təşviq edilməsi, o cümlədən icmaların cəlb edilməsi, məktəb səviyyəsində izləmə, su təchizatı, sanitariya və gigiyena sahəsində xidmətlərin yeniləndirilməsi, maliyyə stimulları və əlçatanlıq siyasətinə yenidən baxılması üçün ən azı bir informasiya-təbliğat fəaliyyətindən istifadə olunduğunu bildiriblər.
Dünya Bankının Təhsil sahəsində qlobal təcrübə qrupunun rəhbəri Heyme Saavedra qeyd edir ki, əlavə təhsil imkanları məktəbi buraxan uşaqlara kömək etmək və təhsildə uzunmüddətli itkilərin azaldılması üçün həyati əhəmiyyətə malikdir:” Bu, UNICEF, UNESCO və Ümumdünya Bankının Tədris Məlumatları haqqında Sazişdə nəzərdə tutulduğu kimi, siniflərdə tədris metodları haqqında məlumat vermək üçün hazırda şagirdlərin təhsil səviyyəsinin ölçülməsi və keyfiyyətli məlumatların toplanması üzrə təxirəsalınmaz səylər tələb edir”.
Distant təhsil bir çox uşaqlar üçün həyati əhəmiyyət daşıyır
Sənəddə ölkələrin təhsildəki itkiləri necə izləməsi və azaltması, məktəblərin fəaliyyətinin yenidən bərpası problemini həll etməsi və məsafədən tədris strategiyalarını tətbiq etməsi barədə məlumatlar yer alıb. Ümumilikdə 2021-ci ilin fevral-may ayları arasında orta məktəbin məktəbəqədər müəssisələrini, ibtidai məktəblərini, orta və yuxarı siniflərini əhatə edən tədqiqatda 142 ölkə iştirak edib.
UNICEF-in Təhsil üzrə qlobal proqramının rəhbəri Robert Jenkins hesab edir ki, distant təhsil məktəblərin bağlanması zamanı bütün dünyada bir çox uşaqlar üçün həyati əhəmiyyət daşıyır. Amma ən həssas ailələrdən olan uşaqlar üçün bu imkan da əlçatmaz idi:” Biz təcili olaraq bütün uşaqları siniflərə qaytarmalıyıq. Ancaq biz bu yerdə də dayana bilmərik. Məktəblərin işinin daha səmərəli bərpa edilməsi şagirdlərin düzgün yola qayıtmasına kömək etmək məqsədilə korrektə proqramlarının həyata keçirilməsi, eləcə də bütün səylərimizdə qızlara və həssas qruplardan olan uşaqlara prioritet diqqət yetirilməsinin təmin edilməsi deməkdir".
Tədqiqat aşağıdakı əsas nəticələri müəyyən edib:
* Ölkələr məktəblərin bağlanması nəticəsində təlimdə potensial itkilərin azaldılması üçün bir sıra cavab tədbirləri görüblər: ölkələrin təxminən 40% - i tədris ilini uzadıb və tədris proqramının bir sıra hissələrinin prioritetliyini təxminən eyni dərəcədə müəyyənləşdirib. Lakin ölkələrin yarıdan çoxu məlumat verib ki, heç bir düzəliş edilməyib və edilməyəcəkdir.
* Bir çox ölkələr imtahan mərkəzlərində səhiyyə və təhlükəsizlik standartlarını artırsalar da, ölkələrin 28% -i orta məktəbin aşağı siniflərində, 18% - isə yuxarı siniflərində imtahanları ləğv edib.
*Əlçatanlıq sahəsində siyasətə baxış və ya yenidən baxılması bir sıra ölkələrdə nadir rast gəlinən hallardır, bu, xüsusilə qızlara münasibətdə narahatlıq yaradır, çünki gəliri aşağı və orta səviyyədən aşağı olan ölkələrdə yeniyetmə qızlar məktəbə qayıtmamaq üçün ən böyük riskə məruz qalırlar.
* Gəlir səviyyəsi aşağı olan ölkələr, hətta şagirdlərin məktəblərə qaytarılmasını təmin etmək üçün ən elementar tədbirlərin həyata keçirilməsində geridə qalırlar. Məsələn, ölkələrin yalnız 10%-dən azı gəlir səviyyəsi yüksək olan ölkələrin 96% - i ilə müqayisədə kifayət qədər sabun, təmiz su, sanitar-gigiyenik vasitələr və maskaların olduğunu bildirib.
Tədqiqat həmçinin, pandemiyanın başlamasından bir il sonra uzaqdan öyrənmə, bununla bağlı dəstəyin həyata keçirilməsi və effektivliyi üzərinə işıq tutur. Nəticələr göstərir ki:
*Əksər ölkələr məsafədən təhsilin təmin edilməsi üçün çoxsaylı tədbirlər görüblər: radio və televiziya verilişləri aşağı gəlirli ölkələr arasında daha populyar olub, yüksək gəlirli ölkələr isə onlayn təhsil üçün platformalar təqdim ediblər. Bununla yanaşı, aşağı gəlirli və gəlirləri orta səviyyədən aşağı olduğu ölkələrin üçdə biri orta hesabla məsafədən tədrisin ibtidai məktəb şagirdlərinin yarıdan azını əhatə etdiyini bildirib.
* Əhatəliliyin və əlçatanlığın təmin edilməsi üçün xüsusi şəraitə uyğunlaşdırılmış distant tədris strategiyaları, valideynlərin iştirakı, kənardan və müəllimlərə dəstək, eləcə də qızların, digər həssas qruplardan olan uşaqların kənarda qalmamasını təmin etmək lazımdır. Bu da uzaqdan öyrənmənin effektivliyinə dair dəqiq məlumatların toplanmasını tələb edir.
* Ölkələrin 73%-nin uzaqdan öyrənmənin ən azı bir strategiyasının effektivliyini qiymətləndirməsinə baxmayaraq, hələ də ən mürəkkəb şəraitdə distant tədrisin effektivliyi barədə daha dolğun məlumatların əldə edilməsinə ehtiyac var.
OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxerin sözlərinə görə, xüsusilə ən mürəkkəb şəraitdə distant təhsilin effektivliyi haqqında daha dəqiq məlumatların əldə edilməsinə, eləcə də rəqəmsal tədris siyasətinin inkişafına dəstək verilməsinə kəskin ehtiyac var.
Təhsilin maliyyələşdirilməsinə ehtiyac digər sektorlarla rəqabətdə artır, baxmayaraq ki, dövlət gəlirləri aşağı düşür. Bununla belə, ölkələrin 49% -i 2020-ci ildə 2019-cu illə müqayisədə təhsil məqsədləri üçün büdcə vəsaitlərini artırıb, ölkələrin 43% -i isə öz büdcələrini dəyişməz saxlayıb. 2021-ci ildə maliyyələşdirmənin həcminin artırılması planlaşdırılır, çünki ölkələrin 60% -dən çoxu 2020-ci illə müqayisədə təhsil məqsədləri üçün büdcəsini artırmağı düşünür.
Bu nəticələr gələcək böhranlara daha yaxşı müqavimət göstərə biləcək və bütün şagirdləri əhatə edə biləcək məktəblərin, əlavə təlim proqramlarının, daha effektiv uzaqdan öyrənmə sistemlərinin yenidən qurulmasının vacibliyini ortaya qoyur.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər