“Havasız dar dəhlizdə 150 nəfər peyvənd növbəsi gözləyir”

“Havasız dar dəhlizdə 150 nəfər peyvənd növbəsi gözləyir” Hüquqşünas Ələsgər Məmmədli vaksinasiya üçün getdiyi poliklinikada gördüyü mənzərə ilə bağlı paylaşım edib.
O, poliklinikada uzun növbələrin yarandığını, 150 nəfərin növbə gözlədiyini qeyd edib:
“Bir tərəfdən hər kəs insanları peyvənd olmağa, ölümcül virusdan qorunmağa səsləyir. Digər tərəfdən ölkə səhiyyə sistemi çökmüş vəziyyətdədir. Bu gün saat 16-17 arası Yasamalda 39 saylı Şəhər Poliklinikasında gördüyüm anarxiyanı sözlə təsəvvür etmək mümkün deyil.
Eyni saata yüzlərlə şəxs portalda qeydiyyatdan keçib, poliklinikaya gəlib. Səhər 11-də də qeydiyyatdan keçən, 16-da da qeydiyyatdan keçən kağıza yazılıb əlinə dürtülmüş nömrənin gəlməsini gözləyir. Sırada 150-dən çox adam gözləyir.
Yarıqaranlıq, havasız dar dəhlizdə 150 nəfər bir-birini sıxışdıraraq, zorla durub. Tək bir həkim, bir tibb bacısı və bir qeydiyyatçı həm peyvənd olmalı şəxsin müayinəsini aparmalı, həm qeydiyyatını aparıb, sistemə keçirməli, həm də ona peyvənd vurmalıdır. İnfeksionist isə saat 2-dək işləyirmiş - evə gedib.
Həkimə sual verib, durumu izah edirsən, dərhal özünə “nəzarətçi” deyən, adı-soyadı məchul olan (açıqlamamaqda dirənən) bir şəxs dərdini izah edən vətəndaşa hücum edib, onu həbs etdirməklə hədələyir, təhqir edir.
Həkimə sual verirsən ki, bu özünə nəzarətçi deyib, ətrafa hədə-qorxu, təhqir yağdıran zatın adı, soyadı nədir? Həkim qorxaqcasına “Bilmirəm” cavabı verir. Yəni bu, o deməkdir ki, hansısa qeyri-qanuni şəxslər dövlətin poliklinikasını zəbt edib, vətəndaşlara hədə-qorxu gəlir.
Burdan Səhiyyə Nazirliyinə, TƏBİB-ə səslənirəm, təcili tədbir görün. Vətəndaşların peyvənd olunmasına normal şərait yaradın, müraciətə uyğun həkim və tibb bacısı ayırın.
İnfeksoinist həkimləri yarım gün işlətməyin. Dövlət xəstəxanasına, poliklinikasına ad-soyadı gizli olan qoçuları buraxmayın, onları məsuliyyətə cəlb edin”.
Qeyd edək ki, sentyabrın 1-dən ölkə ərazisində bir sıra ictimai iaşə obyektlərinə girişlərin COVID-19 pasportu ilə olacağına dair xəbərlərin fonunda vətəndaşların poliklinikalara axını müşahidə edilir. Bu da bir sıra yerlərdə uzun növbələrə, sıxlığa səbəb olur.
Bu gün Səhiyyə Nazirliyi açıqlama yayaraq, poliklinikalardakı növbələrin vətəndaşların növbə götürmədən tibb müəssisələrinə yaxınlaşması ilə izah edib.

Tehsil-press.az


Oxşar xəbərlər