İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak üçün 25 nəfər qeydiyyatdan keçib

İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak üçün 25 nəfər qeydiyyatdan keçib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə sentyabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
İmtahan vermək istəyən namizədlərin qeydiyyatı sentyabrın 17-si saat 14:00-dək aparılacaq. Bu gün saat 11:30-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 25 nəfər (AB - 10, AC -15) qeydiyyatdan keçib. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında kompüter vasitəsilə keçiriləcək.
Xatırladaq ki, imtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır. Məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi ali təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər