Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək

Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək Sentyabrın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.
Kompüter vasitəsilə aparılacaq imtahan Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında təşkil olunacaq. İmtahana qeydiyyat sentyabrın 27-si saat 18:00-dək davam edəcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə http://eservices.dim.gov.az/dqq/docs/DQ_OdenishTarifleri.pdf linkində tanış olmaq mümkündür. “Şəxsi kabinet”dəki pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün online qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil olunması üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər isə DİM-ə müraciət etməlidirlər. Məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.
Qeydiyyatdan keçən namizədlərin e-kabinetdə qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına qeydiyyatdan keçmək barədə “Bildiriş”, “Namizədin yaddaş kitabçası” və “İmtahana buraxılış vərəqəsi” göndərilir. DİM ilə yazışmaların operativliyinin təmini üçün namizədin özünə məxsus elektron poçtdan istifadə etməsi tövsiyə olunur. Qeydiyyatdan keçmək barədə bildiriş gəlmədiyi halda “Spam” qovluğunu yoxlamaq, həmin qovluqda bildiriş olmadıqda DİM-in 1653 çağrı mərkəzinə zəng edib bu barədə məlumat vermək lazımdır.
Namizədlərin qeydiyyatdan keçməmişdən əvvəl vəzifə qrupunu düzgün seçmələri, imtahana daha səmərəli hazırlaşmaları və imtahanda davranış qaydaları ilə tanış olmaları üçün aşağıdakılardan istifadə etmələri məsləhət görülür:
“Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik” broşürü;
Test imtahanında yoxlanılacaq bilik sahələri və hər sahə üzrə test tapşırıqlarının sayı və vəzifə altqrupları üzrə keçid balları;
Test imtahanı proqramları;
“Namizədin yaddaş kitabçası”.
Namizəd şəxsiyyətini təsdiqləyən sənədi və imtahana buraxılış vərəqəsini gətirməklə test imtahanında iştirak edir. Buraxılış vərəqəsini qeydiyyat səhifəsindən də əldə etmək olar.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti beş ildir.
Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxslər nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilərlər. Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Tehsil-press.az

Oxşar xəbərlər