AMEA əməkdaşlarının böyük əksəriyyəti COVID-19 əleyhinə vaksinasiya olunub

AMEA əməkdaşlarının böyük əksəriyyəti COVID-19 əleyhinə vaksinasiya olunub Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi son dəyişikliyə əsasən, sentyabr ayının 1-dən dövlət qurumlarının əməkdaşlarının azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə ciddi şəkildə əməl edilir, əməkdaşların COVID-19-a qarşı vaksinasiya olunmasına nəzarət olunur.
Akademiyada əməkdaşların vaksinasiya olunmasına nəzarət üçün COVID-19 pasportları yoxlanılır. Artıq akademiya əməkdaşlarının böyük əksəriyyəti vaksinasiyadan keçib.
Belə ki, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə ümumilikdə 1341, Kimya Elmləri Bölməsi üzrə 1057, Yer Elmləri Bölməsi üzrə 717, Biologiya və Tibb Elmləri Bölməsi üzrə 1273, Humanitar Elmlər Bölməsi üzrə 704, İctimai Elmlər Bölməsi üzrə isə 840 nəfər COVID-19 əleyhinə 1-ci və ya hər iki doza vaksin olunub, immunitet sertifikatını əldə edib.
Bununla yanaşı, AMEA Rəyasət Heyəti aparatında 243, Rəyasət Heyətinin nəzdindəki təşkilatlar – Yüksək Texnologiyalar Parkında 31, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində 72, Mərkəzi Elmi Kitabxanada 188, “Elm” nəşriyyatında 28, Təbiət Tarixi Muzeyində 18 nəfər, o cümlədən Azad Həmkarlar İttifaqında 9 nəfər koronavirus əleyhinə peyvənd olunub.
AMEA-nın regional elmi bölmələri üzrə – Naxçıvan Bölməsində 215, Gəncə Bölməsində 160, regional elmi mərkəzləri üzrə – Şəki Regional Elmi Mərkəzində 91, Lənkəran Regional Elmi Mərkəzində 34 nəfər vaksinasiyadan keçib və ya immunitet sertifikatını alıb.
Qeyd edək ki, AMEA-da əməkdaşlar arasında şəxsi gigiyena qaydalarına riayət etmək, sosial məsafəni gözləmək və tibbi maskadan istifadə etmək barədə maarifləndirmə işləri aparılır. Bununla yanaşı, AMEA-ya gələn qonaqların da COVID-19 pasportlarının olmasına nəzarət edilir.
Həmçinin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə mütəmadi olaraq tibbi-profilaktik və dezinfeksiya işləri də həyata keçirilir.

Tehsil-press.az

Oxşar xəbərlər