Poltava Milli Texniki Universitetinin rektoru AzMİU-da

Poltava Milli Texniki Universitetinin rektoru AzMİU-da Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru, professor Vladimir Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub. Qonaqları AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov qəbul edib.
Görüşdə çıxış edən A.Qasımov Poltava Milli Texniki Universiteti ilə əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, hər iki universitetin birgə təşkilatçılığı ilə keçirilən “Tikintidə innovasiyalar” mövzusunda Azərbaycan-Ukrayna IV Beynəlxalq Elmi Konfransını xatırladıb. O, bu əlaqələrin daha da gücləndirilməsi üçün nəzəriyyə və təcrübənin birlikdə tətbiq edilməsi, birgə elmi konfranslar, tələbə-müəllim mübadiləsi və elmi tədqiqatlar sahəsində əməkdaşlığın perspektivlərindən, qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından danışıb.
Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva isə AzMİU-da aparılan islahatlar, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Avropa və Türkiyə universitetləri ilə əməkdaşlıq, “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən layihələr, ikili diplom proqramları barədə qonaqlara ətraflı məlumat verib. N.Abdullayeva ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb, AzMİU-da hər il keçirilən əcnəbi tələbələrin qatıldığı beynəlxalq “Qış məktəbi” layihəsindən danışıb, Poltava Milli Texniki Universitetini də bu layihəyə qoşulmağa dəvət edib.
Professor Vladimir Onişenko AzMİU rəhbərliyinə göstərilən diqqət və qonaqpərvərliyə görə təşəkkür edib. Rektor iki ali məktəb arasındakı əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.
Universitetlər arasında əməkdaşlıq istiqamətlərinin və perspektivlərin müzakirə olunduğu görüşdə birgə kadr hazırlığı, tələbə mübadiləsi və digər mövzularda müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər