MDBMİ-də dayanıqlı inkişaf üzrə beynəlxalq konfrans təşkil olunacaq

MDBMİ-də dayanıqlı inkişaf üzrə beynəlxalq konfrans təşkil olunacaq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) ekoloji istiqamətin inkişafının lap əvvəlindən bu ali məktəbin məzunlarının gənc nəsli iştirak edib: 2011-ci ildə Universitetdə yaradılan “MGIMO Goes Green” tələbə klubu Rusiyada ekologiya üzrə ilk tələbə təşkilatlarından biri olub. 2014-cü ildən isə MDBMİ-də “Oeconomicus” İqtisadi Klubunun təşkilatçılığı ilə dayanıqlı inkişaf üzrə iri beynəlxalq gənclər forumu keçirilir.
Bu barədə MDBMİ-nin Təbiətdən istifadə və ekologiya beynəlxalq kompleks problemləri kafedrasının müdiri, MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru, Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev bildirib. Mətbuat konfransı oktyabrın 14-16-da MDBMİ-də keçiriləcək Rusiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının “Yeni Rusiyanın xarici siyasətinin 30 illiyi” mövzusunda XIII Konventinə həsr olunub. Konvent çərçivəsində, həmçinin dayanıqlı inkişafa və ESG-transformasiyaya dair 1-ci Rusiya beynəlxalq konfransı keçiriləcək.
R.Əliyev qeyd edib ki, MDBMİ 2015-ci ildə dayanıqlı inkişaf prinsiplərini həyata keçirən “Green Metric World University Ranking” Beynəlxalq Universitetlər Reytinqinə daxil olan Rusiya ali məktəblərinin birincilərindən olub. 2020-ci ildə Təbiətdən istifadə və ekologiya beynəlxalq kompleks problemləri kafedrasının təşəbbüsü ilə Universitetin Məzunları Assosiasiyasının nəzdində MDBMİ-nin “EcoCommunity” təşkilatı – ekologiya və dayanıqlı inkişaf problemlərinə laqeyd qalmayan abituriyentlərin, tələbələrin və məzunların təşkilatı yaradıldı. Qrupun missiyası beynəlxalq səviyyəli ekoloq obrazının formalaşdırılması, dinamik və inkişafı qabaqlayan ekoloji təhsilin stimullaşdırılması, MDBMİ-nin abituriyentləri, tələbələri və məzunları arasında uzunmüddətli qarşılıqlı əlaqələrin qurulması üçün bu ali məktəbin məzunlarının əqli potensialını birləşdirməkdir.
R.Əliyev xatırladıb ki, bu il institutda iki magistr istiqaməti açılıb: “Menecment” (“Dayanıqlı inkişafın menecmenti”) və “Ekologiya və təbiətdən istifadə”.
MDBMİ nəzdində yaradılan Dayanıqlı İnkişaf Mərkəzinin məqsədlərindən danışan R.Əliyev vurğulayıb ki, mərkəzin missiyası gündəlikdə duran beynəlxalq iqlim məsələləri, enerji keçidi və ESG-transformasiya çağırışları kontekstində Rusiya biznesi üçün dayanıqlı inkişaf strategiyalarının işlənib hazırlanması, eləcə də bu sahədə aparıcı səlahiyyət mərkəzləri ilə bu mövzuda qarşılıqlı əlaqələrdir.
Xatırladaq ki, bu yaxınlarda MDBMİ-də yaradılan, Ruslan Əliyevin rəhbəri olduğu Dayanıqlı İnkişaf Mərkəzi Biznes və Beynəlxalq Səlahiyyətlər Məktəbi bazasında dayanıqlı inkişaf, iqlim menecmenti və ESG-transformasiya sahələrində mütəxəssislərin hazırlığı üzrə proqramın işlənib hazırlanmasını planlaşdırır.

Tehsil-press.az


Oxşar xəbərlər