Gənclər və idman naziri Bakı Ali Neft Məktəbində

Gənclər və idman naziri Bakı Ali Neft Məktəbində Gənclər və idman naziri Fərid Qayıbov Bakı Ali Neft Məktəbində (BANM) olub.
Bu ali məktəbin rektoru Elmar Qasımov naziri Bakı Ali Neft Məktəbinin maddi-texniki bazası, tədris otaqları, tədqiqat laboratoriyaları, təhsil müəssisəsindəki muzey eksponatları, Tələbə evi, sosial və idman infrastrukturu ilə yaxından tanış edib, tədris prosesi, tələbələrə yaradılan şərait barədə məlumat verib. Qonaq BANM-in Konqres zalında Prezident İlham Əliyevin ali məktəbin kampusunun açılışında çıxışını, kampusun 360 dərəcə virtual videogörüntüsünü izləyib.
Nazir təhsil müəssisəsinin üzgüçülük hovuzu, tennis zalı, fitnes mərkəzi, futbol meydançası, ümumilikdə idman infrastrukturu ilə də tanış olub. Rektor BANM-də müxtəlif idman növləri üzrə klubların fəaliyyət göstərdiyi və hər tələbənin mütləq bir idman klubuna üzv olduğu barədə məlumat verib.
Üzgüçülük klubunun məşqini izləyən Fərid Qayıbov BANM-də idman üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, ali məktəbin futbol və voleybol komandalarının Azərbaycan çempionatında iştirakını təklif edib. Elmar Qasımov Bakı Ali Neft Məktəbinin stolüstü tennis komandasının da yüksək səviyyədə olduğunu və onların da çempionata qatıla biləcəyini qeyd edib.
Sonra nazirin iştirakı ilə ali məktəbdə təhsil alan Prezident təqaüdçüləri, Tələbə gənclər təşkilatlarının sədrləri, Gənclər klublarının rəhbərləri ilə görüş keçirilib. Görüşdə Elmar Qasımov gərgin iş qrafikinə baxmayaraq, BANM-ə və tələbələrə vaxt ayırdığı üçün nazirə təşəkkür edərək, təyin olunduqdan sonra ali məktəblərdə ilk görüşünün BANM-də keçirilməsinin qürurverici olduğunu bildirib.
Elmar Qasımov Bakı Ali Neft Məktəbinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olaraq yüksəkixtisaslı, ingilisdilli kadr yetişdirmək missiyasını uğurla həyata keçirdiyini qeyd edib.
O, ali məktəbin Prezident təqaüdünə layiq görülən tələbələrinin sayının hər il artdığını və bu il 102 nəfərdən 33-nün BANM-in tələbəsi olmasını bildirib.
Bakı Ali Neft Məktəbində olmağından məmnunluğunu ifadə edən Fərid Qayıbov buradakı şəraiti, müasir tədris prosesini yüksək qiymətləndirib. “Bakı Ali Neft Məktəbində yaradılan şərait məni müsbət mənada heyrətləndirdi. Bu cür yüksək təhsil sisteminə, infrastruktura malik ali məktəbdə olmaqdan məmnunam. BANM-in uğurlu tələbələri ilə fəxr edirəm”, - deyə nazir bildirib.
Görüşdə nazir tələbələri maraqlandıran sualları cavablandırıb, onların fikir və təkliflərini dinləyib. Sonda Fərid Qayıbova Bakı Ali Neft Məktəbinin “Fəxri qonaq” plaketi və xatirə hədiyyəsi təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər