ADU-nun rektoru Təhsil-1 fakültəsinin birinci kurs tələbələri ilə görüşüb

ADU-nun rektoru Təhsil-1 fakültəsinin birinci kurs tələbələri ilə görüşüb Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla 2021-2022-ci tədris ilində Təhsil-1 fakültəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə görüşüb.
Tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edən rektor onların hər birinin qarşısında məsuliyyətli və vacib vəzifələrin durduğunu söyləyib: “Təhsil insan həyatının mühüm bir hissəsidir. Sizin həyatınızın mühüm bir hissəsi artıq başlayıb. Universitet sizin doğma eviniz olmalıdır. Burada dərs deyən müəllimləriniz sizə valideyn kimi yanaşmalı, hər bir çətinliyinizdə yanınızda olmalıdır. Siz də dərslərinizi uğurla hazırlamalı, müəllimlərin etimadını doğrultmalısınız”.
Qeyd olunub ki, ADU-da tələbələrin dünyagörüşünün genişlənməsi, ixtisasları ilə bağlı biliklərinin artırılması və bir vətəndaş olaraq formalaşması istiqamətində lazımi şərait yaradılıb. Bu təhsil ocağında bir-birindən maraqlı layihələr, yaradıcı klublar, mərkəzlər fəaliyyət göstərir.
Beynəlxalq əlaqələr üzrə prorektor professor Jalə Qəribova universitetin xarici əlaqələrindən, tələbələrə yaradılan təhsil imkanlarından danışıb. Bildirilib ki, ADU ən çox xarici universitetlərə tələbə mübadiləsi edən təhsil müəssisələrindən biridir.
ADU-nun tədris işləri üzrə prorektoru professor Sevinc Zeynalova tələbələrə uğurlar arzu edib, onlara ixtisaslarına mükəmməl yiyələnmələri üçün səylə çalışmağın və qarşılarına böyük hədəflər qoymağın vacibliyini söyləyib.
Görüşdə tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər