Hicran Hüseynova: Qubadlıda aparılan quruculuq işləri dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayiş etdirir

Hicran Hüseynova: Qubadlıda aparılan quruculuq işləri dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayiş etdirir Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 25-də Qubadlı rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşləri geniş əks-səda doğurub. Görüş iştirakçılarından biri - Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bununla bağlı təəssüratlarını AZƏRTAC-ın oxucuları ilə bölüşür.
Görüş çox gözəl və tarixi görüş oldu. Olduqca xoş təəssürat yarandı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər birimizlə söhbət edir, fikirlərimizi dinləyir, təkliflərimizi müzakirə edirdilər. Belə bir ünsiyyət insanı daha da ruhlandırır, həvəsləndirir, qurub-yaratmaq istəyi daha da güclənir.
Nəhayət, 28 ildən sonra doğma Qubadlıya ayaq basdım. İnanılmaz dərəcədə qürur və fəxarət hissi keçirdim. Həyəcanlıyam, sevinirəm çünki ata-baba torpağındayam. Kədərlənirəm ki, nə qədər insan Qubadlı, Qarabağ həsrəti ilə bu dünyadan köçdü. İndi onların da ruhu şaddır. Doğrudur, biz hər addımda erməni barbarlığının şahidi olduq. Ancaq hazırda burada aparılan quruculuq işləri bizi sevindirir. Xalqımızın əzmini, dövlətimizin başçısının iradəsini təcəssüm etdirən bu quruculuq işləri insanda bir əminlik yaradır. Bu heyrətamiz hissləri yaşatdığı üçün bir daha şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə Allahdan şəfa diləyirəm. Şanlı Ordumuza, onun Müzəffər Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığımı bildirirəm. Respublikanın Birinci vitse -prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya mədəni, tarixi, dini irsimizin bərpa edilməsində göstərdiyi yorulmaz əməyinə görə təşəkkürümü bildirirəm.
Əgər ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, hüquqi mövcudluğunu təmin etdisə, ölkəni bataqlıqdan çıxardısa, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi. Respublikanın Birinci vitse -prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə ölkəmizin nüfuzunu qaldırdı, dünyaya inkişafa, sülhə, mədəniyyətə, insanlığa açıq olan, müsbət impuls ötürən bir Azərbaycan təqdim etdi. Son 18 ildə aparılan balanslı siyasət bütün sahələrdə öz müsbət nəticəsini verdi. Ölkəmiz dinamik və davamlı inkişaf edir, beynəlxalq arenada Azərbaycanın sözü, münasibəti qəbul olunur. Bu gün torpaqlarımız işğaldan azaddır, erməni vandalizminə son qoyuldu. Xarabaya çevrilmiş, talan edilmiş ərazilərimizdə indi böyük işlər gedir, nəhəng quruculuq layihələri həyata keçirilir, şəhər və kəndlərimiz yenidən qurulur. Bundan böyük xoşbəxtlik olarmı? Əlbəttə ki, xeyr.
Vətən müharibəsi 44 gün çəkdi, ancaq Qələbənin yolu daha uzaqdan başlayırdı. İqtisadi imkanların artması, beynəlxalq hüquqi bazanın yaradılması, ordunun gücləndirilməsi - bunlar ölkə başçısının fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycan hər gün bu müqəddəs mübarizəyə yaxınlaşırdı. Müasir silahlarla və peşəkar hərbi kadrlarla formalaşan Ordumuz bu vəzifənin öhdəsindən layiqincə gəldi.
Qeyd etmək istəyirəm ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, mediaya verdiyi müsahibələr müasir Azərbaycan tarixində özünəməxsus yer tutur. Biz onun iradəsini, qətiyyətini duyurduq. Biz yaxşı dərk edirik ki, Prezident İlham Əliyev bir insan üçün deyil, bütün xalqımız üçün, dövlətimiz üçün məsuliyyət daşıyır. Bu, şərəfli və çətin məsuliyyət idi. Ancaq ölkə başçısı bunu bacardı, xalqımızı bu mübarizədə qalib etdi. O, xalqı inandıra bildi, çağırışı ilə, müraciəti ilə xalqı səfərbər edə bildi, birliyimizi daha gücləndirdi. Buna hər dövlət başçısı nail ola bilmir. Mehriban xanım hər dəfə xalqa “Sizin Mehriban” deyə müraciət edir. Bu, bir ananın, bacının çağırışı idi. İnsanlar bu doğmalığın əvəzində o qədər sevinirdilər ki, Qələbə üçün heç nəyi əsirgəmirdilər.
Azərbaycan qadınları istər pandemiya, istərsə də müharibə dövründə fəallıq göstərdilər. Həkim kimi, tibb işçisi kimi. Qadınlar arasında vəzifəsini yerinə yetirərkən 1 şəhidimiz var - Arəstə Baxışova. Sahibkar qadınlarımız pandemiya zamanı həssas ailələrə, Vətən müharibəsi zamanı orduya, erməni terrorundan əziyyət çəkən insanlara kömək edirdilər. Bu gün Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında onların potensialından səmərəli istifadə etmək olar. Quruculuq işlərinə onları cəlb etmək olar.
Qubadlı rayonunun təbiəti olduqca gözəl və zəngindir. Palıd, vələs, alma, armud, fındıq, əzgil, zoğal ağaclarından ibarət meşələr, dağ çayları, şəlalələr, bulaqlar, xınalı kəkliklər, qırqovullar, turaclar və digər qiymətli quş və heyvan növləri ilə zəngindir. Çox təəssüflər olsun ki, Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə aparılıb. Qubadlı əhalisi heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdu. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq (aqat) yatağı, mərmər və digər faydalı qazıntılar var. Qubadlı qədim yaşayış məskənlərindəndir. Burada tarixi abidələr, qalalar, türbələr, mağaralar, məscidlər var idi. Əfsuslar olsun ki, bütün bu tarixi-mədəni irsimiz erməni vandalizminin qurbanı olub.
Qubadlı təkcə təbiətinə görə deyil, görkəmli şəxsiyyətləri ilə də zəngindir. Pedaqoq, filoloq, ədəbiyyatşünas, tarixçi Bəhlul Behcət, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın ilk azərbaycanlı müxbir üzvü Əli Əmiraslanov, tanınmış yazıçı Süleyman Rəhimov, Azərbaycanın Milli qəhrəmanları Əliyar Əliyev, Şükür Həmidov. Xalqımıza rəşadətli Qələbəni yaşadan hərbçilərimizdən biri olan general-mayor Mais Bərxudarov və adlarını qeyd etmədiyim neçə-neçə alimlər, ziyalılar, hərbçilər və s.
Mən də bu torpağın yetirməsiyəm. Atam Kamran Hüseynov dövrünün tanınmış ictimai–siyasi xadimi olmaqla yanaşı, şeirə, sənətə böyük önəm verirdi. Qubadlıya, onun bərəkətli torpağına, saf suyuna, təravətli çiçəklərinə o qədər vurğun idi ki, şeirlər yazır, fəlsəfi düşüncələrini qələmə alırdı. O, həyatında ilk və son şeirini də məhz Qubadlının Hərtiz dağına həsr etmişdi. Bu kəndin, təbiətin həsrətinə dözməyən Kamran müəllim yazırdı:
Səndən ayrıldığım xeyli müddətdir,
Vətən ayrılığı nə böyük dərddir.
Vətən həsrəti çox çətindir. Bir an belə ruhdan düşmürdü, inanırdı ki, Vətəninə qovuşacaq. Elə bu niyyətlə “Zəngəzur” Cəmiyyəti yaratdı. Gənclərimiz yaddan çıxarmasın, tariximizi unutmasınlar deyə böyük təbliğat işləri aparırdı. İnanıram ki, onun ruhu indi şaddır.
Ötən ilin sonunda Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlara səfər edərkən, erməni terrorunu əyani şəkildə bütün dünyaya göstərdi. Bu gün həmin ərazilərdə aparılan işlərlə bu torpağın əsl sahibinin kim olduğunu da sübut edir. Burada bir məsələni qeyd etmək lazımdır ki, işğaldan azad olunan şəhər və kəndlərimiz yeni, müasir tipli, həm də tarixi görkəmini saxlamaqla yenidən qurulur. “Yaşıl iqtisadiyyat” və “yaşıl enerji” konsepsiyası prioritet təşkil edir. Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. İşğaldan azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Eyni zamanda, “Ağıllı şəhər”, hətta “Ağıllı kənd” adlanan müasir texnologiyalar tətbiq olunacaq. Bunun üçün artıq müasir nəqliyyat, enerji, sosial-iqtisadi infrastruktur yaradılır. Bu gün Azərbaycan yeni texnologiyaların tətbiqi ilə müasirliklə tarixiliyi uzlaşdırır. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac olan digər bölgələrimiz üçün də yaxşı nümunədir.
Hazırda Qubadlıda, ümumiyyətlə, erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda bərpa-tikinti işlər aparılır. Görülən işlər, həyata keçirilən layihələr bunlar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayiş etdirir. Çox tezliklə bu ərazilərdə yenidən həyat canlanacaq, insanlar öz doğma evlərinə qayıdacaq, yaşayıb-yaradacaqlar. Bir daha Qələbə münasibətilə, bütün xalqımızı təbrik edirəm. Şəhidlərimizin əziz xatirəsinə ehtiramımı bildirirəm. Onların valideynləri qarşısında baş əyirəm. Xalqımız mərd, igid, cəsur, zəhmətkeş, yaradan xalqdır! Biz bütün çətinliklərin öhdəsindən birlikdə gəlmişik! Bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək yeni uğurlara imza atacağıq!

Tehsil-press.az



Oxşar xəbərlər