
Bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “I24 News” telekanalının fransız redaksiyasına müsahibəsində bildirib.
Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycanın məqsədi bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir:
“Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda hərəkət edirik: ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə”.
Siyasi məsələlər üzrə analitik Aqşin Kərimov Elçin Əmirbəyovun çıxışının mahiyyətində incə diplomatik nüansların olduğunu bildirib.
Ekspert deyib ki, Əmirbəyov Azərbaycanın İsraillə İran arasında vasitəçilik üçün müxtəlif diplomatiya formatlarından istifadə etməsi ilə bağlı sətiraltı sensasion mesajı çatdırır:
“Ehtimal ki, Azərbaycan İranla İsrailin heç olmasa, texniki xarakterli razılıq əldə etməsi üçün görüşlərin təşkil edilməsinə səy göstərir. Bu görüşlərin baş tutacağı təqdirdə, Azərbaycan İranla İsrail arasındakı brokerliyini məhdud çərçivələrdən çıxarıb daha çoxşaxəli diplomatiya kanalı kimi inkişaf etdirə bilər”,-deyə A.Kərimov əlavə edib.
Onun fikrincə, Azərbaycanın hərbi eskalasiya və ya geosiyasi qarşıdurma tərəflərini eyni masa ətrafına cəmləmək təcrübəsi, bunun İran-İsrail münasibətlərindəki elementləri rəsmi Bakının yeni dünya nizamındakı geosiyasi möveyini möhkəmləndirir. Bununla belə, müsahibimiz düşünür ki, Azərbaycanın İranla İsrail arasındakı problemləri köklü olaraq müsbtə doğru əvəzləməsi çətin məsələdir.
Onun sözlərinə görə, əgər Azərbaycanın diplomatiya marşrutlarını inkişaf etdirərək, bunu 1979-cu il İslam İnqilabından bu yana bir-birlərinə düşmən mövqe sərgiləyən İran-İsrail qarşıdurmasına proyeksiya edirsə, bu, olduqca müsbət haldır.
“Lakin sual olunur: Azərbaycan İranla İsrail arasında mümkün genişmiqyası gərginlik zamanı onları razılıq üçün vahid bir diplomatik mövqeyə gətirə biləcəkmi? Hipotetik olaraq, bu, mümkündür, çünki Azərbaycan hər iki tərəfin fikir mübadiləsi aparması və onların bir-birlərinə etimad mühitini formalaşdırmaq üçün unikal imkanlara malik ola bilər. Ancaq bu, İranla İsrailin strateji mövqelənmələrindən irəli gələn və bir-birlərinə göstərdiyi kəskin rəqabət performasının öhdəsindən gəlmək üçün yetərli olmayacaq”,-deyə Aqşin Kərimov qeyd edib.
Tehsil-press.az