UFAZ-da Mövsüm bəy Xanlarov adına təqaüdün qalibləri seçilib

UFAZ-da Mövsüm bəy Xanlarov adına təqaüdün qalibləri seçilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri üçün Mövsüm bəy Xanlarov adına təqaüdün builki qalibləri müəyyən olunub.
Təqaüd bakalavr pilləsində hər ixtisasdan 3 nəfər olmaqla II, III və IV kurslarda təhsil alan 12 nəfər və magistratura pilləsində hər ixtisasdan 2 nəfər olmaqla II kursda təhsil alan 6 nəfər (cəmi 18 nəfər) UFAZ tələbəsi üçün nəzərdə tutulur.
Tələbələrin stimullaşdırılması və onlara maddi yardımın göstərilməsi məqsədilə verilən təqaüd qaliblərini Strasburq Universitetinin professoru Pierre Colletin rəhbərlik etdiyi münsiflər heyəti müəyyən edib. Seçim 2020-2021-ci tədris ilində hər ixtisas üzrə ən yaxşı nəticə göstərmiş tələbələr arasında aparılıb.
Mövsüm bəy Xanlarov 1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşında doktorluq dissertasiyasını uğurla müdafiə edərək, kimya elmləri doktoru alimlik dərəcəsi alıb. UFAZ-da Strasburq Universitetində doktorluq adını qazanmış ilk azərbaycanlı olan Mövsüm bəy Xanlarov adına təqaüd 2019-cu ildən təsis edilib.

Tehsil-press.az



Oxşar xəbərlər