Azərbaycan-Fransız Universitetində ilk dəfə keçirilən magistratura imtahanının nəticələri açıqlanıb

Azərbaycan-Fransız Universitetində ilk dəfə keçirilən magistratura imtahanının nəticələri açıqlanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) əsas binasında 2020/2021-ci tədris ili üçün ilk dəfə magistratura pilləsi üzrə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb. İlkin nəticələr tələbələr ilə paylaşılıb və qeydiyyat prosesi başa çatıb.
İmtahan üçün ümumilikdə 171 tələbə qeydiyyatdan keçib, onlardan 151-nin namizədliyi təsdiq edilib. Namizədlərdən 60-ı UFAZ tələbəsi, 91-i isə Azərbaycanın müxtəlif universitetlərinin məzunları olub.
İmtahanda uğurlu nəticə əldə etmiş 80 nəfər 2020/2021-ci tədris ili üçün UFAZ-ın magistratura pilləsinə ödənişsiz əsaslarla qəbul olunub. Onlardan 26-sı kompüter elmlərinə (big data və süni intellekt), 27-si kimya mühəndisliyi / fiziki kimya və daha 27 nəfər Yer elmləri ixtisaslarına qəbul edilib.
Yeni magistr tələbələrinin 47 nəfəri UFAZ-ın, 17 nəfəri ADNSU-nun, 6 nəfəri Bakı Mühəndislik Universitetinin, 4 nəfəri Bakı Ali Neft Məktəbinin, 4 nəfəri Bakı Dövlət Universitetinin, 2 nəfəri isə Xəzər Universitetinin məzunudur.
Qeyd edək ki, imtahan koronavirus (COVID-19) pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlərin nəzərə alınması, eləcə də imtahanın keçirilməsi üçün nəzərdə tutulan bütün otaqlarda maksimum 10-12 nəfərin yerləşdirilməsi, sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şərtilə baş tutub. Ümumilikdə 150 dəqiqə davam edən imtahanda tələbələr kimya mühəndisliyi / fiziki kimya, tətbiqi kompüter elmləri (big data və süni intellekt) və Yer elmləri ixtisasları üzrə ingilis dilində verilən sualları cavablandırıblar.
UFAZ-ın magistratura pilləsini bitirmiş tələbələr iki dövlət diplomuna yiyələnəcəklər. Beləliklə, tələbələr xaricə getmədən ADNSU ilə yanaşı, Fransanın Strasburq Universitetinin diplomunu ala biləcəklər. İxtisaslarından asılı olaraq tələbələr müəyyən semestrlərdə təhsillərinin bir hissəsini Unistrada, eləcə də Fransanın müxtəlif universitetlərində və laboratoriyalarında davam etdirə biləcəklər.
Magistratura üzrə təhsil Fransa təhsil sisteminə uyğunlaşdırılmış formada yüksəkixtisaslı Fransa və Azərbaycan müəllimlərindən ibarət beynəlxalq tədris heyəti tərəfindən aparılacaq və tələbələr AMEA-nın laboratoriyalarından istifadə edə biləcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər