Azərbaycan və Rusiya alimlərinin birgə elmi konfransı

Azərbaycan və Rusiya alimlərinin birgə elmi konfransı Təhsil Nazirliyi, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi, Ufa Dövlət Neft Texniki Universiteti (UDNTU) və Sumqayıt Dövlət Universitetinin (SDU) təşkilatçılığı ilə “Kimya texnologiyası və mühəndisliyinin innovativ inkişaf perspektivləri” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan və Rusiya alimlərinin iştirak etdiyi konfrans dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.
SDU-nun rektoru, professor Elxan Hüseynov qeyd edib ki, 2021-ci il Azərbaycan Prezidentinin sərəncamına əsasən “Nizami Gəncəvi İli” elan olunub. Dünyanın bir çox ölkələrində, o cümlədən Rusiyada dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyinə həsr edilmiş tədbirlər keçirilir.
II Beynəlxalq elmi konfrans dahi Nizami Gəncəvi yaradıcılığına verilən ali dəyər kimi qiymətləndirilib və UDNTU-nun rektoru Oleq Aleksandroviç Baulinə dərin minnətdarlıq ifadə edilib. Qeyd olunub ki, dahi şair ensiklopedik biliyə malik olmaqla, fizika, astronomiya, kimya, coğrafiya, biologiya elmlərinə və tibb sahəsinə dair olduqca qiymətli fikirlər söyləyib, onun “Xəmsə”si bir çox Avropa dillərinə tərcümə edilib.
Rektor E.Hüseynov rəhbərlik etdiyi ali məktəbin beynəlxalq proqram və layihələr üzrə əldə etdiyi nailiyyətlər barədə də məlumat verib. Bildirib ki, Sumqayıt Dövlət Universiteti bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində işini uğurla davam etdirir. Bu uğurların nəticəsidir ki, 2015-ci ildə SDU ilə UDNTU arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Universitetlər arasında çoxşaxəli əlaqələr Rusiya ‒ Azərbaycan Universitetləri Assosiasiyasının yaradılmasından sonra qurulub:”Əlaqələrin genişlənməsində Rusiya tərəfindən akademik Ramil Nazifoviç Baxtizinin böyük rolu olub. Hal- hazırda bu əlaqələr yeni rektor, əziz dostumuz Baulin Oleq Aleksandroviçin rəhbərliyi altında uğurla davam etdirilir”.
UDNTU-nun rektoru Oleq Baulin Azərbaycan ilə Rusiya arasında olan iqtisadi, mədəni, möhkəm dostluq əlaqələrindən, ölkələrində elm və təhsil sahəsində həyata keçirilən islahatlardan danışaraq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Onu da söyləyib ki, belə konfransların keçirilməsi gənc tədqiqatçıların elmi işlərində mühüm əhəmiyyətə malikdir.
Tədbirdə hər iki universitetin alimləri Nizami Gəncəvinin yaratdığı əvəzsiz xəzinənin əhəmiyyətindən bəhs ediblər. Dahi şairin ədəbi irsinin təkcə Şərq mədəniyyətinə deyil, bütün bəşəriyyətə məxsus olduğunu, bu cür konfransların keçirilməsinin Nizami Gəncəvi irsinin öyrənilməsinə və araşdırılmasına töhfə verdiyini vurğulayıblar.
Konfrans işini iki gün ərzində bölmələr üzrə davam etdirəcək.

Tehsil-press.az



Oxşar xəbərlər