ADPU-da “Nizami Gəncəvi: Dahilik zirvəsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

ADPU-da “Nizami Gəncəvi: Dahilik zirvəsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Nizami Gəncəvi: Dahilik zirvəsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Hibrid formada - ənənəvi və onlayn şəkildə təşkil edilən beynəlxalq konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, İsveç və Rusiyadan olan alimlər də iştirak edirlər.
Konfransın açılışından əvvəl professor Mahirə Hüseynovanın rəhbərliyi ilə universitetin Filologiya fakültəsi və fakültənin “MEH” ədəbi dərnəyinin hazırladığı bədii kompozisiya nümayiş olunub.
Konfransı açan ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən universitetdə müxtəlif tədbirlər təşkil olunub. “Nizami Gəncəvi: Dahilik zirvəsi” mövzusunda beynəlxalq konfransı silsilə tədbirlərin zirvəsi hesab oluna bilər. O diqqətə çatdırıb ki, Nizami Gəncəvinin yaradıcılığı XII əsr Azərbaycan ədəbiyyatında mühüm yer tutur. Şairin yaradıcılığının coğrafiyası genişdir, əsərləri həm Şərqdə, həm də Qərbdə tanınır. Onun əsərlərinin qayəsini insani və bəşəri dəyərlər təşkil edir. Professor Cəfər Cəfərov vurğulayıb ki, konfrans Nizami Gəncəvi irsinin araşdırılmasına töhfə verəcək.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli bildirib ki, Nizami əsrlərin qaranlığından bu günümüzə işıq saçan sənətkardır. Nizamidən əvvəl yaşamış yazarların yaradıcılığına diqqət yetirdikdə görürük ki, o, əsərlərinə demokratik ruh gətirib: “Dahi şairi öz dövrünün politoloqu da hesab etmək olar. Nizami öz əsərlərində dövrün hadisələrini poetik, bədii dillə əks etdirib”.
ADPU-nun Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov qeyd edib ki, Nizami Gəncəvinin əsrlərin süzgəcindən keçib ölümsüzlük qazanan əsərlərinin hər bir misrası hikmət, fəlsəfə və elmlə zəngindir. Şairin poemalarının hər birinə aid kitab yazmaq mümkündür. Nizami Gəncəvi sözü insan düşüncəsi və təfəkkürünün fövqündə dayanan dahilik zirvəsidir.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdi.
Bildirilib ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin tamam olması münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bu, Nizami dühasına verilən yüksək dəyərdir. Professor Mahirə Hüseynova vurğulayıb ki, Nizami Gəncəvi irsinin araşdırılması, həmişə diqqətdə saxlanılması tədqiqatçıların ümdə vəzifəsi olmalıdır.
Plenar iclasdan sonra məruzələr dinlənilib.
Konfrans “Nizami əsərlərinin dili, üslubu, türkçülük ideyaları”, “Nizami və dünya ədəbiyyatı”, “Nizami və çağdaş ədəbiyyatşünaslıq”, “Nizami irsində təhsil və tərbiyə məsələləri” mövzularında bölmə iclasları ilə işini davam etdirir.
Beynəlxalq konfrans noyabrın 19-da yekunlaşacaq.

Tehsil-press.az


Oxşar xəbərlər