Xarkovda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Xarkovda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib Ukraynanın Xarkov şəhərində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycanın Ukraynadakı səfirliyi, “Azərbaycan-Ukrayna Dostluq” Cəmiyyəti və Xarkov Şəhər Şurasının birgə təşəbbüsü ilə Xarkov Milli Radioelektronika Universitetində keçirilən beynəlxalq elmi konfransda diplomatlar, alimlər, nizamişünaslar, yerli KİV iştirak ediblər. Tədbirə, həmçinin xarici ölkələrdən onlayn şəkildə qoşulan alimlər də qatılıblar.
“Ukrayna-Türk ortaq mədəni irsi” adlı beynəlxalq konfransı açan “Azərbaycan-Ukrayna Dostluq” Cəmiyyətinin sədri Murad Ömərov bildirib ki, Nizami Gəncəvinin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Bu cür konfransların keçirilməsi Nizami Gəncəvi irsinin öyrənilməsinə, Ukraynada türk mədəni irsinin araşdırılmasına öz töhfəsini verir.
Sonra M.Ömərov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun beynəlxalq elmi konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.
Nizami dühasının hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olduğunu qeyd edən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bildirib ki, Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından irəli gələrək Ukraynada bir sıra tədbirlər keçirilib, Nizami yaradıcılığının öyrənilməsi və tanıdılması istiqamətində xeyli iş görülüb. Xarkov şəhərində dahi mütəfəkkirin abidəsi ucaldılıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə paytaxt Kiyevdə Nizami Gəncəvinin abidəsinin ucaldılması istiqamətində işlər davam etdirilir.
Səfir çıxışında Nizami Gəncəvinin dünya ədəbiyyatındakı rolu barədə ətraflı danışaraq bildirib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” və Şuşanın “Azərbaycan mədəniyyətinin paytaxtı” elan edilməsi də əsrlərdən süzülüb gələn ümid işığının harmoniyası, xeyirin şər üzərində qalibiyyətidir. “Nizami Gəncəvi İli”nin xalqımızın Zəfər ilinə çevrilmiş 2020-ci ildən sonraya təsadüf etməsi 44 günlük Vətən müharibəsində xeyirin şər üzərində qələbə çalmasıdır.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova dahi mütəfəkkirin yaradıcılığı barədə geniş təqdimatla çıxış edib. Bildirib ki, böyük türk şair-mütəfəkkiri, filosofu Nizami Gəncəvinin yaradıcılığında əski türk düşüncəsinə, türk dini etiqadlarına, ümumilikdə türk mədəniyyətinə-fəlsəfəsinə meyil daha çox hiss olunur. N.Gəncəvi "Xəmsə"sini (“Beşliy”ini) farsca yazmasına baxmayaraq, türk düşüncəsini, türk adət-ənənəsini, türk əxlaqını, ümumilikdə türk mifoloji, dini-fəlsəfi və milli-mənəvi dünyagörüşünü təbliğ edib. N.Gəncəviyə görə, dünyada müdriklik, əxlaqlılıq, nəciblik, alicənablıq, igidlik, paklıq və s. kimi xüsusiyyətlər, yəni yaxşı nə varsa türkə, türk millətinə aiddir.
Daha sonra Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanov, tarix elmləri doktorları Svetlana Bilyaeva, Olqa Borisova, Fərhad Turanlı, hüquq elmləri namizədi Aysel Ömərova və digər alimlər mövzu ətrafında geniş təqdimatla çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər