İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq tədbirdə ölkəmizdə din təhsili üçün yaradılmış imkanlardan danışıb

İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq tədbirdə ölkəmizdə din təhsili üçün yaradılmış imkanlardan danışıb İordaniya Haşimilər Krallığının “əs-Simakiyyə” orta məktəbinin təşəbbüsü və təşkilatçılığı ilə müəssisənin yuxarı sinif şagirdləri üçün onlayn formatda keçirilən elmi seminarda Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri dosent İlkin Əlimuradov iştirak edib.
Tədbir Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri və Malayziyadan olan dil və təhsil sahələrinin təcrübəli mütəxəssislərinin iştirakı ilə reallaşdırılıb. Beynəlxalq tədbirdə İ.Əlimuradov müstəqilliyimizin bərpasından sonra ölkəmizdə din təhsili üçün yaradılmış geniş imkanlardan, 1992-ci ildə Bakı Dövlət Universitetinin (BDU) nəzdində İlahiyyat fakültəsinin yaradılmasından, 2018-ci ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə həmin fakültənin bazasında Azərbaycan İlahiyyat İnstitutunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis olunmasından bəhs edib.
İ.Əlimuradov zəngin söz ehtiyatına, beynəlxalq dil statusuna malik olan, eləcə də müsəlmanlar üçün xüsusi əhəmiyyət kəsb edən ərəb dilinin ölkəmizdə müvafiq ali təhsil müəssisələrində və bəzi humanitar təmayüllü liseylərdə tədris olunduğunu qeyd edib.
Tədbirdə şagirdlərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, “əs-Simakiyyə” orta məktəbinin şagirdləri ərəb dilini öyrənmək istəyən azərbaycanlı şagirdlərə və tələbələrə ünsiyyət dilinin inkişafında kömək etməyə hər zaman hazır olduqlarını bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər