Azərbaycan İlahiyyat İnstitutu ilə İraqın ali təhsil müəssisəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan İlahiyyat İnstitutu ilə İraqın ali təhsil müəssisəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bu ali məktəbin rektoru dosent Aqil Şirinov ilə İraq Respublikasının Bakıdakı səfirliyinin birinci katibi Hut Haifa Z.Mahmudun görüşü olub.
Görüşdə dosent A.Şirinov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, hədəfləri haqqında danışıb. O, institutda təhsilin ödənişsiz əsaslarla aparıldığını deyib, mövcud ixtisaslar və təhsil pillələri haqqında məlumat verib. Qeyd edilib ki, Aİİ-də bakalavriat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır.
Rektor Azərbaycan və İraq arasında tarixən mövcud əlaqələrdən bəhs edib. Azərbaycan İlahiyyat İnstitutunun tədris sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib.
İraqın Bakıdakı səfirliyinin birinci katibi Hut Haifa Z.Mahmud təhsil və elmi-tədqiqat sahəsində ikitərəfli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb, ərəb dili tədrisinin önəminə toxunub. Qeyd edilib ki, ərəb dili ilahiyyat sahəsində mövcud ixtisaslar üçün vacibdir. O, İraqda yaşamış azərbaycanlı ədiblərin, alimlərin ərəb dilində bir çox əsərlərinin mövcudluğuna toxunub.
Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müdiri dosent İlkin Əlimuradov institutda ərəb dilinin tədrisi barədə məlumat verib. Bildirilib ki, ərəb dilinin öyrənilməsi Azərbaycanın orta əsr ədəbiyyatı, tarixi və fəlsəfəsinin tədqiqi baxımından əhəmiyyətlidir.
Sonra ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər