BDU-da elmi seminar: Sirli “Voyniç” əlyazmasında türkcə sözlər

BDU-da elmi seminar: Sirli “Voyniç” əlyazmasında türkcə sözlər Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Sirli “Voyniç” əlyazmasında türkcə sözlər” adlı elmi seminar keçirilib.
Kanadada yaşayan türkiyəli tədqiqatçı Ahmet Ardıçın iştirakı ilə keçirilən seminarda fakültənin professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Mehriban Əlizadə mövzunun əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, əslən Türkiyədən olan A.Ardıç müstəqil tədqiqatçı kimi türkologiya sahəsində mühüm araşdırmaları, o cümlədən “Sirli “Voyniç” əlyazması haqqındakı tədqiqatları ilə tanınır.
“Sirli “Voyniç” əlyazmasında türkcə sözlər” mövzusunda məruzə ilə çıxış edən A.Ardıç XV əsrdə naməlum müəllif tərəfindən naməlum dildə və naməlum əlifbanın tətbiqi ilə yazılmış illüstrasiyalı həmin kitab haqqında türkoloqların diqqətini çəkəcək mühüm məsələlərə toxunub. Bildirilib ki, 270 səhifə olması ehtimal edilən kitabın hazırda 240 səhifəsi ictimaiyyətə məlumdur.
A.Ardıç əlyazmadakı 700-ə qədər sözün, 100-dək cümlənin və 91 təsvirin şifrəsini açmaqla oxumağa nail olub. İştirakçıların diqqətini türkoloji aspektə yönəldən məruzəçi apardığı araşdırma nəticəsində buradakı sözlərin və cümlələrin transkripsiyasına əsasən əlyazmadakı dil vahidlərinin türk dili ilə üst-üstə düşməsi ilə bağlı fikirlər səsləndirib. Mülahizələrini nümunələrlə əsaslandıran A.Ardıç bildirib ki, kitabdakı sözlərin və cümlələrin transkripsiyası, burada türkcə sözlərin və türk sintaktik qəlibinin işlənməsi aydın şəkildə abidənin türk xalqları ilə bağlılığını nümayiş etdirir.
Sonra Türkologiya kafedrasının professoru Elbrus Əzizov, Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə və çıxış edən digər alimlər aparılan araşdırmaların əhəmiyyətini diqqətə çatdırıblar.

Tehsil-press.az



Oxşar xəbərlər