ABŞ-ın “Demokratiya sammiti”nin məqsədi hansısa ölkələrə təzyiq etməkdir - TƏHLİL

ABŞ-ın “Demokratiya sammiti”nin məqsədi hansısa ölkələrə təzyiq etməkdir - TƏHLİL ABŞ-da “Demokratiya sammiti”nə start verilib. Bu "sammit"ə dəvət alan və almayan ölkələrin siyahısına nəzər saldıqda bəlli olur ki, bu siyahı demokratiya meyarlarına uyğun olaraq yox, məhz ABŞ-ın qlobal, geosiyasi maraqları baxımından tərtib olunub. Sammitə Konqo, İraq, Ermənistan kimi dövlətlər dəvət olunsa da, Türkiyə, Macarıstan, Azərbaycan bu tədbirdən kənarda qalıb. Belə olan halda sammitə dəvət alanların hansı kriteriya ilə seçildiyi ciddi suallar doğurur və ikili standartların növbəti nümunəsi kimi ortaya çıxır.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov qeyd edib ki, “Demokratiya sammiti” bir daha ikili standartlar vasitəsilə ölkələrə təsir etmək cəhdlərini göstərir.
O qeyd edib ki, insan haqlarının və demokratiyanın ən çox pozulduğu ölkələrin əksəriyyəti ABŞ tərəfindən bu “Demokratiya sammiti”nə dəvət olunub.
“Elə Ermənistanın özündə demokratiyadan, insan haqlarının qorunmasından söhbət açmaq mümkün deyil. Bu yaxınlarda BMT-nin İnsan haqları komitəsi Ermənistanda polis zorakılığı ilə bağlı bəyanat verib. Belə olan halda bu “sammit”ə dəvət olunanların hansı kriteriyalarla seçildiyi ciddi sual yaradır. Əlbəttə, bu, ikili standartların daha bir təzahürüdür və ABŞ düşünür ki, bu yolla bir sıra ölkələrə hər hansı bir təzyiq göstərəcək. Lakin ABŞ Ermənistanı bu “sammit”ə dəvət etməklə, özünün demokratiya anlayışını alt-üst edir,” – deyə deputat bildirib.
Milli Məclisin deputatı Vüqar İskəndərov isə bildirib ki, ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən "Demokratiya sammiti"nə Azərbaycan, Türkiyə, Macarıstan kimi ölkələrin çağırılmaması olduqca gülünc bir mənzərədir.
"Çünki dəvət alan ölkələrin əksəriyyəti ilə müqayisədə bu ölkələrdə demokratik münasibətlər daha yüksək səviyyədədir. "Sammit"i təşkil etməklə ABŞ özünü demokratiyanın himayədarı kimi dünyaya göstərmək istəyir. Guya, dünya ölkələri yox, məhz ABŞ demokratiyanın keşiyini çəkir. Halbuki, biz prezident seçkilərində Co Baydenin hansı oyunlarla Trampı üstələdiyinin şahidi olduq. Hələ də ictimai rəy sorğusunda ABŞ sakinləri Co Baydenin yox, Trampın seçilməli olduğunu qeyd edirlər. Hələ də Donald Tramp öz çıxışlarında Baydenin nəticələrini tanımadığını bildirir. Bəs, demokratiya harada qaldı?”, - deyə deputat qeyd edib.
Politoloq Şəbnəm Həsənova isə Trend-ə deyib ki, ABŞ-da artan demokratik problemlərin fonunda ABŞ demokratiyasını "canlandırmaq" cəhdi ilə çağırılan “Demokratiya sammiti” böyük ironiyadır, çünki onun məqsədi sadəcə olaraq digər ölkələri sıxışdırmaq, dünyanı müxtəlif düşərgələrə bölməkdir, bu, bir növ “parçala, hökmranlıq et” siyasətindən xəbər verir.
“Dünya aydın gördü ki, ABŞ-ın son illərdə Suriyanı, Yəməni, İraqı, Liviyanı, Yaxın Şərqin başqa müsəlman ölkələrini demokratiyaya “qərq etmək” niyyəti qanla, fəlakətlə nəticələndi. Bu "sammit" demokratiyaların beynəlxalq məsələlərə yanaşma tərzində iqtisadi və təhlükəsizlik maraqları ilə yanaşı, insan ləyaqəti və azadlığı ilə bağlı dərindən qorunan dəyərlərin də yer aldığına, həm də qlobal ictimai rifahla bağlı məsələlərə dair də güclü bir mesaj göndərə bilərdi.
O zaman sual olunur: Sammitin keçirilməsi, demokratik dəyərələrin təşviqidir, ya oturuşmuş rəqiblərə siqnal göndərmək üçün vacibdir? Demokratiya sammitinin siyahısı ABŞ administrasiyasının illustrativ seçim menyusudur. Belə ki, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistanın bu "sammit"ə dəvət alması fonunda, Macarıstanın, sizin demokratiya kriteriyanızdan kənara çıxaraq itaətkar, sorğu-sualsız boyun əymədən siyasət yürüdən Azərbaycanın və Türkiyənin dəvət almaması oraya dəvət alanların hansı kriteriya ilə seçildiyi haqqında aydın təsəvvür yaradır” - deyə, politoloq bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda həyata keçirilən islahatlar, layihələr bütün hallarda demokratik prinsiplər əsasında formalaşır. Ona görə də ikili standartlarla bizim demokratiyamıza kimlərinsə qiymət verməsinin önəmi yoxdur. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərdi ki, ölkənin tutduğu yol, həyata keçirilən islahatlar xalqın iradəsini əks etdirir. Bu baxımdan, ABŞ-ın dünya demokratiyasına qiymət verməsi, hələ üstəlik bu gün regionda söz sahibinə çevrilən Azərbaycan kimi bir ölkəni siyahıdan kənarda qoyması, görünür, yenə də əvvəlki kimi hansısa üstüörtülü məqamlardan xəbər verir.

Tehsil-press.az


Oxşar xəbərlər