Osloda Nobel mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilir

Osloda Nobel mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilir Osloda 2021-ci il üzrə Nobel mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilir.
Oslo Şəhər Ratuşasında keçirilən mərasimdə 2021-ci il üzrə mükafat Rusiyanın “Novaya Qazeta” nəşrinin baş redaktoru Dmitri Muratov və filippinli jurnalist Mariya Ressaya təqdim edilib.
Cari ilin oktyabr ayında Norveçin Nobel komitəsi iki jurnalistə “demokratiya və davamlı sülhün ilkin şərti olan ifadə azadlığının müdafiəsi uğrunda səylərinə görə” mükafatla təltif olunduqlarını elan edib.
Qeyd edək ki, Nobel mükafatı laureatları hər il dekabrın 10-da Stokholm və Oslo şəhərlərində keçirilən mərasimlərdə mükafatlandırılır. Mərasimlər 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım gününə həsr edilir. Məhz Alfred Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel Sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel Sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur. Lakin 2020-ci ildə pandemiya ilə əlaqədar mərasim onlayn keçirilib. Bu il isə Stokholm şəhərində keçirilməsi nəzərdə tutulan tədbirlər yenidən pandemiya səbəbindən keçirilməyib. Əvəzində 2021-ci il üzrə Nobel mükafatı laureatları yaşadıqları ölkələrdə mükafatlandırılıb, Stokholmda isə yalnız kiçik qonaq sayı ilə rəsmi çıxışlar nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər