BDU-da professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr edilmiş elmi konfrans

BDU-da professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr edilmiş elmi konfrans Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə tarix elmləri doktoru, Əməkdar elm xadimi, professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr edilmiş “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığı: ənənələr və müasirlik” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə BDU rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə kitabxanaşünas alim Abuzər Xələfovun ölkəmizdə ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında xidmətlərindən danışıb. Qeyd olunub ki, professor A.Xələfovun fəal iştirakı ilə 1962-ci ildə kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrilib, alim uzun müddət fakültənin dekanı və kafedra müdiri vəzifələrində çalışıb.
A.Kazımzadə alimin 500-ə yaxın əsərinin, o cümlədən fundamental monoqrafiyalarının, dərslik və dərs vəsaitlərinin çap olunduğunu deyib. O, professor Abuzər Xələfovun xidmətlərinin ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qiymətləndirildiyini, alimin ali dövlət mükafatlarına, orden və medallara layiq görüldüyünü diqqətə çatdırıb.
Bildirilib ki, Abuzər Xələfovun yaradıcılıq irsinin, kitabxana-informasiya fəaliyyəti sahəsində elmi-tədqiqatlarının əhəmiyyəti nəzərə alınaraq, alimin 90 illik yubileyi münasibətilə mühüm elmi nəticələri müzakirə etmək üçün respublika elmi konfransının keçirilməsi haqqında qərar qəbul olunub.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Milli Məclisin Redaksiya və nəşr işləri şöbəsinin baş məsləhətçisi Mehman Namazov, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova çıxış edərək, professor Abuzər Xələfovun elmi-pedaqoji fəaliyyətindən bəhs ediblər.
Kitabxanaşünaslıq kafedrasının müdiri Elçin Əhmədov plenar iclasda “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığının formalaşmasında Abuzər Xələfovun rolu” mövzusunda məruzə edib.
Tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsinin yüksək təhsil göstəricilərinə malik olan tələbələrinə “Abuzər Xələfov mükafatı” təqdim olunub.
Sonda alimin oğlu, BDU-nun Hüquq fakültəsinin kafedra müdiri Elçin Xələfov atasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.
Bölmə iclasları ilə davam edən konfransda 40-a yaxın məruzənin dinlənilməsi nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər