BDU-da elmi-praktik seminar təşkil olunub

BDU-da elmi-praktik seminar təşkil olunub Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovun 70 illik yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib.
Tədbiri giriş sözü ilə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov açıb. O bildirib ki, Kərim Tahirov Azərbaycanda görkəmli kitabxanaşünas alim, eyni zamanda, kitabxana işinin təşkilatçısı kimi tanınır. Məhz onun rəhbərlik etdiyi dövrdə Milli Kitabxana bir sıra mühüm layihələr həyata keçirib. Yetmiş illik yubileyi münasibətilə Kərim Tahirovun Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması alimin fəaliyyətinə dövlətimiz tərəfindən verilən yüksək qiymətdir.
Elmi seminarda BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Professor Kərim Tahirov görkəmli kitabxanaşünas alim və kitabxana işinin təşkilatçısı kimi” mövzusunda məruzə edib. Diqqətə çatdırıb ki, alimin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevə həsr olunan fundamental biblioqrafiya və eyniadlı biblioqrafik məlumat bazası hazırlanıb.
Məruzədə alimin Azərbaycanda kitabxana işinin hüquqi bazasının yaradılmasındakı rolu, Milli Kitabxananın elektronlaşdırılması platformasının həyata keçirilməsindəki xidmətləri yer alıb. Ölkəmizdə elm, mədəniyyət və ədəbiyyatşünaslıq üzrə biblioqrafik vəsaitlər sisteminin formalaşması sahəsindəki səmərəli fəaliyyətindən bəhs olunub. Eyni zamanda, professor Kərim Tahirovun Milli Kitabxananın qlobal informasiya mühitinə inteqrasiyasındakı xidmətləri diqqətə çatdırılıb.
Elmi-praktik seminarda Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri akademik Nizami Cəfərov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru professor Məmməd Əliyev, professor Qulu Məhərrəmli, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova, BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, kafedra müdirləri Elçin Əhmədov, Knyaz Aslan, Sevda Xələfova çıxış edərək alimin elmi-pedaqoji və idarəetmə fəaliyyətindən bəhs ediblər.
Professor Kərim Tahirov onun əməyinə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkürünü çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər