Azərbaycanda ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında Abuzər Xələfovun müstəsna xidmətləri olub

Azərbaycanda ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında Abuzər Xələfovun müstəsna xidmətləri olub Professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığı: ənənələr və müasirlik” mövzusunda respublika elmi konfransı dekabrın 17-də öz işini Azərbaycan Milli Kitabxanasında davam etdirib.
Tədbir Bakı Dövlət Universiteti (BDU), Kitabxanaçılıq-İnformasiya fakültəsi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilib.
Konfransı Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq ölkəmizdə kitabxanaşünaslıq elminin banisi, BDU-da Kitabxanaçılıq-informasiya fakültəsinin özülünü qoyan Abuzər Xələfovun əməyindən, kitabxana sahəsindəki mühüm xidmətlərindən söz açıb.
“Biz Abuzər Xələfovun yaratdığı kitabxanaçılıq məktəbinin nümayəndələriyik. Hamımız Azərbaycan kitabxanaçılarının ağsaqqalı Abuzər müəllimin yazdığı əsərlərdən, məqalələrdən bəhrələnib, onun əsərlərinə istinad etmişik. Ölkəmizdə ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında Abuzər Xələfovun müstəsna xidmətləri olub. Abuzər Xələfov kitabxanaçılıq işi tarixinə öz imzasını ömürlük qoyub. Kitabxanaçılıq işi yaşadıqca, var olduqca, Abuzər müəllimin əziz xatirəsi yaddaşlarda qalacaq”, - deyə K.Tahirov bildirib.
Konfransın təşkilat komitəsinin sədri BDU Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Ələmdar Cabbarlı vurğulayıb ki, Abuzər Xələfovun parlaq xatirəsini daim yaşadacağıq. Onun çoxsaylı əsərləri var, amma ən böyük əsəri Kitabxanaçılıq-informasiya fakültəsidir.
Kitabxanaşünaslıq kafedrasının müdiri dosent Elçin Əhmədov Abuzər Xələfovun kitabxanaşünaslıq elminin inkişafında, elektron kataloqun, elektron kitabxananın yaradılmasında mühüm xidmətlərindən bəhs edib. O qeyd edib ki, Abuzər Xələfovun xidmətlərinin ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilməsi, alimin ali dövlət mükafatlarına, orden və medallara layiq görülməsi bilavasitə kitabxanaçılara verilən dəyərin ifadəsidir.
Konfransda “Professor Abuzər Xələfov elmi irsinin inkişaf mərhələləri”, “Kitab və kitabxana mədəniyyəti tədqiqatları professor Abuzər Xələfovun elmi irsində”, “Azərbaycan kitabxanaşünaslığı beynəlxalq əlaqələr kontekstində” mövzularda məruzələr dinlənilib.
Tədbirdə Milli Kitabxananın Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova “Azərbaycanda kitabxana elminin banisi Abuzər Xələfov” adlı Elektron məlumat bazasını iştirakçılara təqdim edib.
Alimin oğlu, BDU-nun Hüquq fakültəsinin kafedra müdiri Elçin Xələfov çıxış edərək atasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə Milli Kitabxanaya Abuzər Xələfovun ailəsi adından minnətdarlığını bildirib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub və qonaqlar sərgi ilə tanış olublar.

Tehsil-press.az


Oxşar xəbərlər