Dahi alimin şərəfinə

Dahi alimin şərəfinə Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq olimpiada
Azərbaycan bu həftə çox mötəbər elm festivalına - Lütfi Zadə adına Beynəlxalq Olimpiadaya ev sahibliyi edir. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin elmi irsinə dərin ehtiram əlaməti daşıyan bilik müsabiqəsi ölkəmizdə elmi biliklərin təşviqinə və populyarlaşdırılmasına xidmət edir. Böyük alimin 100 illiyinə dair tədbirlər planı çərçivəsində beynəlxalq olimpiada məktəblilər arasında riyaziyyat və informatika fənləri üzrə təşkil olunub. Dahi alimin xatirəsinə həsr olunmuş olimpiadaya dünyanın müxtəlif ölkələrindən məktəblilər qatılıblar. Qeyri-səlis məntiqi nəzəriyyəsinin banisinin adını daşıyan istedad müsabiqəsinə dünyanın 20 ölkəsindən təxminən 100-ə yaxın şagird qatılıb ki, bu da olimpiadanın mötəbərliliyinə xidmət edir.
Onlayn keçirilən olimpiadada yaşı 18-dən çox olmayan məktəblilər iştirak edirlər. Dekabrın 20-də olimpiadanın onlayn formatda açılış mərasimi keçirilib. Dekabrın 22-də olimpiadanın riyaziyyat fənni üzrə yarışı start götürüb. Yarışda iştirakçılara 4 tapşırıq və bu tapşırıqların həlli üçün 4 saat 30 dəqiqə vaxt verilib. Olimpiadanın dekabrın 23-də davam etdirilən informatika fənni üzrə turunda isə iştirakçılar 4 tapşırığın həlli üçün onlara verilən 5 saat vaxtdan yararlanıblar.
İmtahan bitdikdən sonra iştirakçıların yazı işləri yerli və əcnəbi mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediləcək.Təşkilat komitəsi tərəfindən olimpiadanın gedişini canlı izləmək məqsədilə müşahidə məntəqəsi yaradılıb.
Dekabrın 25-də isə qaliblərin elan edilməsi və bağlanış mərasiminin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd görkəmli alim Lütfi Zadə və onun elmə verdiyi töhfələr barədə dünya məktəblilərini daha çox məlumatlandırmaq, ayrı-ayrı ölkələrdən olan istedadlı gənclər arasında dostluq münasibətlərinin qurulmasını təmin etmək, məktəblilərdə riyaziyyat və informatika fənlərinin dərindən öyrənilməsinə maraq yaratmaqdan ibarətdir.
Əminik ki, dünya şöhrətli alimin adını daşıyan elm tədbiri şagirdlərimizin məntiqi biliklərinin inkişafına təkan verəcək, onlara bu kimi beynəlxalq bilik yarışlarında iştirak təcrübəsi qazandıracaq, istedadı, xüsusilə məntiqi təfəkkürü ilə seçilən məktəbliləri aşkara çıxarmaqla onların elmə olan marağının artmasına xidmət edəcək.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər