Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək Paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası keçiriləcək.
Bu qurumun və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçiriləcək olimpiadada ümumtəhsil məktəblərinin hər iki (Azərbaycan və rus) bölməsinin V-VI sinif şagirdləri iştirak edə bilərlər. İştirakçılar 11-12 yaş qrupunu (2018-ci il aprelin 14-dək 10 yaşı tamam olmamış, habelə 13 yaşından böyük şagirdlər müsabiqəyə buraxılmır) əhatə edəcək.
Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin möhkəmlənməsinə təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasıdır.
Olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulur.
İki mərhələdən ibarət olan olimpiadanın məktəbdaxili mərhələsi aprelin 14-də keçiriləcək. İmtahan bütün məktəblərdə 1,5 saat (10.00-11.30) davam edəcək.
Mayın 26-da olimpiadanın final mərhələsi təşkil olunacaq. Bu mərhələdə ilk turu uğurla keçən şagirdlər iştirak edəcək. İlk turda olduğu kimi, final mərhələsində də 25 test sualının cavablandırılması üçün 90 dəqiqə ayrılacaq.
Final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə ən yüksək məntiqi təfəkkür nümayiş etdirən məktəblilər mükafatlandırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər