UNEC-də “İnformasiya texnologiyaları ili” elan edilib

UNEC-də “İnformasiya texnologiyaları ili” elan edilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili “İnformasiya texnologiyaları (IT) ili” elan edilib. Bu məqsədlə UNEC-in tədbirlər planı təsdiqlənib.
Tədbirlər planına əsasən, “İKT- baza kompüter bilikləri” fənninin proqramının və sillabusunun dövlət standartlarında müəyyən olunmuş kompetensiyalar və beynəlxalq standartlar əsasında yenidən hazırlanması, fənlərin daha praktik formada tədrisi məqsədilə metodologiyanın yenilənməsi, fənn proqramları və dərsliklərin beynəlxalq universitetlərin təhsil proqramlarına uyğunlaşdırılması, rəqəmsal dərsliyin və tədris vəsaitlərinin çap olunması nəzərdə tutulub.
İl ərzində UNEC-də informasiya texnologiyaları üzrə tədrisin keyfiyyətinin öyrənilməsi məqsədilə tələbə və müəllimlər arasında sorğu keçiriləcək, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müəllim və əməkdaşların beynəlxalq təcrübə proqramlarında və təlimlərdə iştirakına şərait yaradılacaq, təhsilalanların informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə sertifikat proqramları təşkil olunacaq.
Tədbirlər planında UNEC-də kompüter laboratoriyalarının sayının artırılması, fakültələr üzrə laboratoriyaların yaradılması, informasiya texnologiyaları sahəsi, eləcə də beynəlxalq virtual laboratoriyalar üzrə əməkdaşlıqların qurulması və nüfuzlu ekspertlərin tədris prosesinə cəlb olunması, yeniliklərin tələbə və müəllimlər arasında müzakirəsi üçün “Onlayn fikir bankı”nın yaradılması da əks olunub.
Fevral ayında isə "Azərbaycanda ali təhsilin rəqəmsal transformasiyası: problemlər və perspektivlər" mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər