BSU-da qış imtahan sessiyası uğurla davam edir

BSU-da qış imtahan sessiyası uğurla davam edir Bakı Slavyan Universitetində (BSU) payız semestrinin imtahan sessiyası davam edir.
Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə payız imtahan sessiyasının təşkili və keçirilməsi barədə rektor əmr imzalayıb. Bunun əsasında ixtisas fənlərinin məzmun və xüsusiyyətlərindən asılı olaraq yazılı formada aparılan imtahanlarla yanaşı, şifahi imtahanlar təşkil edilib. İmtahan keçirilən bütün auditoriyalar dezinfeksiya edilib.
Sessiyanın təşkilinə və gedişinə nəzarət məqsədilə universitet rəhbərliyi, valideyn şuraları, tələbə təşkilatları, müvafiq struktur bölmələrinin nümayəndələrindən ibarət İmtahan Qərargahı, fakültələrdə isə apellyasiya komissiyaları yaradılıb.
İmtahan Qərargahının fəaliyyəti barədə rektorluğa müntəzəm məlumat verilir. Apellyasiya komissiyaları tərəfindən tələbələrin müraciəti daxil olduğu vaxtdan 1 gün müddətində fənni tədris edən mütəxəssislərin iştirakı ilə müraciətə baxılıb uyğun qərarın qəbul edilməsi nəzərdə tutulur.
Fevralın 1-dək keçiriləcək imtahan sessiyasında universitetin ümumilikdə 3800 nəfərə yaxın tələbəsinin iştirakı nəzərdə tutulur. Hər bir imtahan üçün 3 akademik saat ayrılır, imtahanların nəticələri 2 gün ərzində tələbələrə elan edilir, nəticələr universitetin sosial şəbəkələrində yerləşdirilir.
Sessiya zamanı tələbənin koronavirus infeksiyasına yoluxduğu halda yaz tədris semestri başlanana kimi ona qalan imtahanlarını vermək şəraiti yaradılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər