Texniki Universitetdə imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

Texniki Universitetdə imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ili üzrə keçirilən qış imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub.
Mediaturda AzTU-nun İctimai Şurasının üzvləri, mətbuat nümayəndələri və tələbələrin valideynləri iştirak ediblər. Qeyd olunub ki, AzTU-da qış imtahan sessiyası şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə keçirilir. Şifahi imtahanların keçirilməsi üçün müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunan 75 imtahan otağı ayrılıb. Test imtahanları isə kompüter zallarında təşkil olunub. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq imtahanda iştirak edən bütün tələbələr tibbi maska və digər qoruyucu vasitələrdən istifadə edirlər. Həmçinin imtahan zamanı tələbələr arasında sosial məsafənin qorunmasına riayət olunur. O da bildirilib ki, sessiya müddətində koronavirusa yoluxmuş tələbələr üçün sessiya bitdikdən sonra xüsusi imtahan günləri təyin olunacaq. İmtahan sessiyası başlayandan bu günə kimi 5 magistrant və 2 bakalavr tələbə koronavirusa yoluxub.
Mediaturdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev jurnalistlərin suallarını cavablandırıb.
Rektor bildirib ki, universitetdə aparılan islahatların əsas hədəfi tədris olunan fənlərin sayının azaldılmasına yönəlib. Hazırda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində də mühüm işlərin həyata keçirildiyini deyən rektor növbəti tədris ilində universitetin müasir kitabxanasının istifadəyə verilməsinin nəzərdə tutulduğunu jurnalistlərin diqqətinə çatdırıb.
Qeyd edək ki, AzTU-da qış imtahan sessiyası fevralın 2-də yekunlaşacaq.

Tehsil-press.az


Oxşar xəbərlər