ADPU-da magistrantların təcrübələrinin təşkili qaydalarında dəyişiklik edilib

ADPU-da magistrantların təcrübələrinin təşkili qaydalarında dəyişiklik edilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistrantların elmi-tədqiqat təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib.
Açılış nitqi ilə çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov bildirib ki, aparılan təhlillər nəticəsində cari ildən etibarən universitetdə magistrantların təcrübələrinin təşkili qaydalarında dəyişiklik edilib. Belə ki, əvvəlki illərdən fərqli olaraq artıq əvvəlcə elmi-tədqiqat təcrübəsi, sonra isə elmi-pedaqoji təcrübə təşkil ediləcək. Bu dəyişikliyin elmi əsası ondan ibarətdir ki, artıq apardıqları elmi-tədqiqat işlərini yekunlaşdıraraq dissertasiya işləri və elmi məqalələr üzərində işləyən IV semestr magistrantları üçün elmi-tədqiqat təcrübəsinin elmi-pedaqoji təcrübədən əvvələ keçirilməsi daha münbit şərait yaradır. Həmçinin cari ildən magistr dissertasiyalarının qiymətləndirilməsi formasında dəyişiklik edilib. Artıq kafedralar dissertasiya işlərini müdafiəyə tövsiyə edəcək, qiymətləndirilmə isə tam olaraq ixtisaslaşmış şuralarda aparılacaq.
Magistratura və doktorantura şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov bildirib ki, bu semestrdə 21 ixtisas üzrə təhsil alan II tədris ili magistrantları 25 kafedrada 1 ay müddətində elmi-tədqiqat təcrübəsi keçəcəklər. Onların fəaliyyətləri müvafiq kafedralar və təcrübə rəhbərləri tərəfindən qiymətləndiriləcək. Martın 16-dan isə elmi-pedaqoji təcrübəyə start veriləcək.
R.Sadıqov vurğulayıb ki, elmi-tədqiqat təcrübəsində ümumilikdə 318 magistrant iştirak edəcək ki, onlardan 3-ü Çin Xalq Respublikasının vətəndaşlarıdır.
Qeyd edək ki, elmi-tədqiqat təcrübəsi magistrantların elmi fəaliyyətlərinin istiqamətləndirilməsinə, magistrlik dissertasiyalarının yekunlaşdırılmasına kömək edir. Əldə edilən nəzəri biliyin elmə tətbiqini stimullaşdırır. Elmi-tədqiqat təcrübəsi, ilk növbədə, pedaqojiyönümlü elmi kadrların hazırlığının əsas amilini təşkil edir.
Yekunda təcrübə rəhbərləri və magistrantları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər