Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti nömrəsi çapdan çıxıb Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalının yeddinci nömrəsi çapdan çıxıb.
İldə iki dəfə nəşr olunan jurnalın yeni nömrəsində 16 məqalə yer alıb. Din sosiologiyası, Təfsir, Kəlam, Hədis, Tarix, İslam məzhəbləri tarixi, Fəlsəfə, Qiraət və təcvid, İslam hüququ və Multikulturalizm bölmələrindən ibarət nəşrdə elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib.
Jurnalın məqsədi ölkəmizdə və dünyada din sahəsində tədqiqat aparan alimlərin məqalələrini elmi ictimaiyyətə təqdim etməkdən ibarətdir. Nəşrdə Azərbaycan və türk dillərində də məqalələr dərc olunub. Redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran və İsveçrənin ali təhsil müəssisələrində çalışan tanınmış alimlərdir.
Nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.
Azərbaycan İlahiyyat İnstitutu ali dini təhsil üzrə ixtisaslaşmış müəssisədir. İnstitut din sahəsi də daxil olmaqla, ictimai elmlərin müxtəlif istiqamətlərində monoqrafiya, dərslik, dərs vəsaiti, proqram və məqalələrin çapına üstünlük verir.
Qeyd edək ki, akademik nəşrlər ali təhsil müəssisələrinin elmi fəaliyyətinin əsas göstəricilərindən biridir. Gələcəkdə “Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi nəzərdə tutulur.
“Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

Tehsil-press.az


Oxşar xəbərlər