BDU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

BDU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin, Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Sonra Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli hadisələrdən biri və Ermənistanın 200 ildən bəri həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu bildirib. Rektor vurğulayıb ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalıda dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfər məhz azərbaycanlı olduğuna görə amansızcasına qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib.
E.Babayev ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildiyini xatırladıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl davam etdirilir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bu gün dünyanın bir çox ölkələri tərəfindən Xocalı soyqırımı tanınır.
Rektor Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə yayılmasında Heydər Əliyev Fondunun müstəsna rolunu qeyd edib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının əhəmiyyətindən bəhs edib.
E.Babayev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun gücü, qüdrəti nəticəsində Vətən müharibəsində Böyük Zəfər qazandığımızı, torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb. Qeyd olunub ki, Vətən müharibəsi Azərbaycan xalqının vətənpərvərliyini, mərdliyini, qəhrəmanlığını dünyaya göstərdi.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Milli Məclisin deputatı, BDU-nun professoru Jalə Əliyeva, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altınalan çıxış edərək Xocalı qırğınının dəhşətlərindən, Ermənistanın hərbi-siyasi cinayətlərindən danışıb, düşmənin daim bədnam siyasət apardığını bildiriblər. Vurğulanıb ki, Xocalı soyqırımı barədə dünya xalqlarına daha da ətraflı məlumatlar verilməlidir.
Sonra BDU-nun Tarix fakültəsinin professoru Fazil Baxşəliyevin “Xocalı faciəsi erməni millətçilərinin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsidir”, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauzun “Xocalı soyqırımının hərbi strateji baxımdan dəyərləndirilməsi”, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail nümayəndəliyinin rəhbəri Arye Qutun “Xocalı faciəsi insanlığa qarşı törədilmiş bəşəri cinayətdir”, Türkiyənin Bozok Universitetinin professoru Kürşad Zorlunun “Xocalıda yaşananlar qırğın-soyqırımı dilemması baxımından: soyqırımı olduğunu göstərən əsaslar”, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun kafedra müdiri, professor Şarustam Şamusarovun “İnsanlığa və bəşəriyyətə qarşı törədilmiş Xocalı soyqırımı təkrarlanmamalıdır”, BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının dosenti Rahim Məmmədovun “Xocalı soyqırımına görə təqsirli şəxslərin cinayət məsuliyyəti: maddi və prosessual aspektləri” mövzularında məruzələri dinlənilib.

Tehsil-press.az


Oxşar xəbərlər