Polşa 45 Rusiya diplomatını arzuolunmaz şəxs elan edib

Polşa 45 Rusiya diplomatını arzuolunmaz şəxs elan edib Polşa 45 Rusiya diplomatını arzuolunmaz şəxs elan edib və bu barədə qərarın qəbulunu müttəfiq ölkələrlə razılaşdırıb.
Bu barədə məlumatı Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina təsdiqləyib. O bildirib ki, Polşa müttəfiq ölkələrlə koordinasiyalı şəkildə Rusiyanın Polşadakı səfirliyinin diplomatlarının sayının əhəmiyyətli dərəcədə ixtisar edilməsinə dair qərar qəbul edib. Onun sözlərinə görə, bu addımın atılması rusiyalı diplomatların Polşa qanunlarına uyğun olmayan, eləcə də diplomatik fəaliyyət və diplomatların statusuna dair Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərindən qaynaqlanır.
Diplomat qeyd edib ki, rəsmi Varşava Rusiyanın müvafiq qurumlarının fəaliyyətinə göz yuma bilməz, çünki bu, həm Polşanın, həm də Avropa İttifaqının və NATO-nun tərkibindəki müttəfiqlərin təhlükəsizliyi üçün problemlər yarada bilər. Onun sözlərinə görə, casusluqda ittiham edilən diplomatların arzuolunmaz şəxs elan edilməsi Rusiya ilə diplomatik münasibətlərin kəsilməsi deyil və belə bir qərar verilməyib.
Bildirilib ki, siyahıda yer alan şəxslər beş gün ərzində Polşa ərazisini tərk etməlidirlər. Bir nəfərə isə ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.
Qeyd edək ki, martın 23-də Rusiyanın Polşadakı səfiri Serqey Andreyev Polşanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona səfirliyin 45 əməkdaşının kəşfiyyat fəaliyyətində ittiham əsasında ölkədən çıxarılmasına dair nota təqdim olunub.
Rusiya tərəfi bu qərarı əsassız adlandırıb və qarşılıqlılıq prinsipi əsasında müvafiq addımların atılacağına dair hüququ özündə saxladığını bəyan edib.

Tehsil-press.az

Oxşar xəbərlər