BDU-nun doktorantı onlayn beynəlxalq elmi konfransda kibercinayətlərə dair məruzə ilə çıxış edib

BDU-nun doktorantı onlayn beynəlxalq elmi konfransda kibercinayətlərə dair məruzə ilə çıxış edib Moldova Dövlət Universitetinin Hüquq fakültəsinin “Milli Probasiya Müfəttişliyi” və “Ovidius” Universitetinin (Rumıniya) Hüquq və İnzibati elmlər fakültəsinin əməkdaşlığı çərçivəsində “Cinayət – Cinayət məsuliyyəti – Cəza. Cinayət hüququ və kriminologiya” (Crime – Criminal Liability – Punishment. Criminal Law and Criminology) mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Azərbaycanı BDU-nun Hüquq fakültəsinin doktorantı Erkin Musayev təmsil edib. O, “Müasir dövrdə kibercinayətkarlıq sahəsində beynəlxalq fəaliyyətlər və onların Azərbaycan hüquq sisteminə təsiri. Kibercinayətkarlıqla mübarizədə ayrı-ayrı dövlətlərin qanunvericiliyi və təcrübəsi” (International actions in the field of cybercrime in modern times and their effects on Azerbaijan law system. Legislation and practice of individual states in combating cybercrime) mövzusunda məruzəsi ilə konfransın “Kriminologiya. Viktimologiya. Cinayət Prosessual hüquq” bölməsində çıxış edib.
Çıxışında kibercinayətlərin geniş vüsət aldığı bir dövrdə onlara qarşı mübarizənin Azərbaycan Respublikasının cinayətkarlıqla mübarizə sahəsində əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdıran E.Musayev kibercinayətlərin araşdırılmasında qarşıya çıxan bir sıra problemlərin bu sahədə preventiv tədbirlərin həyata keçirilməsinə maneələr yaratması barədə aktual məsələlərə toxunub. Kibercinayətlərin istintaqından da bəhs olunan məruzədə bu sahənin əsas problemlərinin sübutların tamlığının qorunması, dəqiqliklə qeydə alınması və statistik olaraq yetərsizliyi qeyd edilib, o cümlədən yurisdiksiyaya tabeliyi məsələsi və bu cinayətlərin spesifik anonimlik xarakterinin vacibliyi vurğulanıb.
Erkin Musayev, həmçinin klassik “hüquq” anlayışının tədricən dəyişdiyini və rəqəmsal erada yeni “rəqəmsal hüquq” sisteminin formalaşması barədə yenilikçi fikirlərini və təkliflərini beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırıb.
Sonda BDU-nun Hüquq fakültəsinin doktorantı E.Musayevə yenilikçi və maraqlı fikirlərinə görə təşəkkür edilib və konfransın xüsusi sertifikatı təqdim olunub.
Xatırladaq ki, BDU-nun Cinayət Hüququ və Kriminologiya kafedrasının “Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə doktorantı E.Musayev 2017-ci ildən Moskva, İstanbul, Skopye, Dubay, Tirana və digər şəhərlərdə keçirilən beynəlxalq konfranslarda elmi məruzələrlə Azərbaycanı təmsil edib, eləcə də mütəmadi olaraq yerli elmi jurnal və qəzetlərdə məqalələrini dərc etdirib.
Qeyd edək ki, “Cinayət – Cinayət məsuliyyəti – Cəza. Cinayət hüququ və kriminologiya” mövzusunda beynəlxalq konfrans Moldova Dövlət Universitetinin prorektoru Aurelia Hanganunun açılış nitqi ilə başlanıb. Tədbirdə Moldova Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı professor Serghei Brinza, Moldova Respublikası hökumətinin baş katibinin müavini Roman Kazan, Daxili İşlər Nazirliyinin baş katibi Serghei Diaconu, Təhsil və Tədqiqatlar Nazirliyinin dövlət katibi Adriana Cazacu, Ədliyyə Nazirliyinin dövlət katibi Veronika Mihailov-Moraru, Moldova Respublikası Ali Məhkəməsinin sədr əvəzi Vladimir Timofti və Mütəşəkkil cinayətkarlıq və xüsusi işlərlə mübarizə üzrə prokurorluğun baş prokuroru vəzifəsini icra edən Sergiu Russunun məruzələri dinlənilib.
Konfrans “Ədliyyə sektoru islahatları: reallıqlar və perspektivlər”, “Cinayət hüququ: Ümumi hissə”, “Cinayət hüququ: Xüsusi hissə” və “Kriminologiya. Viktimologiya. Cinayət Prosessual hüquq” adlı 4 bölmədə plenar iclaslarla davam etdirilib. Konfransda müxtəlif ölkələrin elm ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər