Gənc hüquq magistri onlayn beynəlxalq elmi konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında elmi məruzə ilə çıxış edib

Gənc hüquq magistri onlayn beynəlxalq elmi konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında elmi məruzə ilə çıxış edib Albaniyanın Nyu-York Tirana Universitetinin təşkilatçılığı ilə “Effektiv kommunikasiyaların gücü: çətinliklər və imkanlar” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirilib.
Onlayn tədbirdə universitetin rektoru, professor İsmail Kocayusufoğlu çıxış edib. Rektor konfransın əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzu edib.
Açılış mərasimində Albaniyanın Təhsil, Gənclik və İdman nazirinin müavini Olti Rymbullaku, Türkiyənin Albaniyadakı səfiri Murat Ahmet Yörük və Türkiyə Maarif Fondunun prezidenti Birol Akgün çıxış ediblər.
Daha sonra konfrans “Siyasi və beynəlxalq əlaqələr”, “İqtisadiyyat və sağlamlıq”, “Sosial və hüquq elmləri” və “Texnologiya” adlı 4 bölmədə plenar iclaslarını davam etdirib. Konfransda 20-yə yaxın ölkənin nümayəndələri iştirak edib.
Onlayn tədbirdə Azərbaycanı BDU-nun Hüquq fakültəsinin magistrantı Erkin Musayev təmsil edib. O, “Beynəlxalq cinayətlərin spesifikası və müharibə cinayətləri: beynəlxalq və milli qanunvericiliyin qarşılıqlı təhlili” mövzusunda məruzə ilə konfransın “Sosial və hüquq elmləri” bölməsində ingilis dilində çıxış edib. Həmçinin E.Musayev çıxışında müharibə cinayətlərini birbaşa törətmiş və törətməkdə davam edən Ermənistanın Azərbaycana qarşı aqressiv və təcavüzkar niyyətini, Dağlıq Qarabağ münaqişəsi zamanı törətdiyi müharibə cinayətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Eyni zamanda, E.Musayev son günlərdə baş verən hadisələr barədə ədalətli beynəlxalq rəyin formalaşması üçün obyektiv və hərtərəfli məlumat verib.
Çıxışından sonra universitetin rektoru İ.Kocayusufoğlunun şəxsi istəyi ilə Azərbaycan-Türkiyə dostluğu haqqında danışan E.Musayev bu münasibətlərin bütün müstəvilərdə inkişaf edəcəyini əminliklə bildirib və Ulu Öndərin “Biz bir millət iki dövlətik” sözləri ilə nitqini yekunlaşdırıb.
Sonda rektor İ.Kocayusufoğlu dəqiq elmi təhlilinə və qətiyyətli çıxışına görə E.Musayevə təşəkkürünü bildirib və onu konfransın xüsusi sertifikatı ilə təltif edib.
Qeyd edək ki, E.Musayev 2017-ci ildən Moskva, İstanbul, Skopye, Dubay və digər şəhərlərdə keçirilən beynəlxalq elmi konfranslarda aktual məruzələrlə Azərbaycanı yüksək səviyyədə təmsil edib və mükafatlandırılıb. O, beynəlxalq və respublika elmi jurnal və qəzetlərində müntəzəm məqalələrlə də çıxış edir.
Gənc hüquqşünas bir neçə gün əvvəl BDU-nun Hüquq fakültəsində “Müharibə cinayətləri: beynəlxalq hüquq və Azərbaycan Respublikasının qanunvericiliyi” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə magistr elmi dərəcəsi alıb.

Tehsil-press.az

Oxşar xəbərlər