Texniki Universitetdə Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb

Texniki Universitetdə Birinci Qarabağ müharibəsi şəhidinin xatirəsi anılıb Azərbaycan Texniki Universitetinin (AzTU) Birinci Qarabağ müharibəsində şəhid olmuş tələbəsi Elşad Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib.
Tədbirdə şəhid ailələrinin üzvləri, qazilər və universitet nümayəndələri iştirak ediblər.
Rektor Vilayət Vəliyev şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, AzTU-nun tələbə və məzunları torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün müharibələrdə ön sıralarda xidmət edib. Rektor qeyd edib ki, 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı ali təhsilini yarımçıq saxlayıb döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə yüksələn Elşad Əliyevin də xatirəsi universitetdə hər zaman yad olunur və bu, belə də davam edəcək.
Rektor bildirib ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə yüksəlib. O da qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirib.
Daha sonra AzTU-nun Media ilə iş və kommunikasiya şöbəsinin şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə işlərin təşkili qrupunun rəhbəri Zöhrə Məmmədova çıxış edib. Bildirib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi üçün müxtəlif layihələr həyata keçirilir.
Şəhid ailələri adından çıxış edən “Şəhid analarına dəstək” İctimai Birliyinin sədri, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Axundova belə tədbirlərin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib.
Daha sonra Elşad Əliyevin təhsil aldığı Binəqədi rayonu 244 saylı orta məktəbin 4-cü sinif şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış edib.
Qeyd edək ki, AzTU-nun Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn tələbəsi Elşad Əliyev 1975-ci il fevralın 27-də Bakıda anadan olub. O, 1991-ci ildə AzTU-ya qəbul olunub. 1993-cü ildə Birinci Qarabağ müharibəsində iştirak etmək üçün ali təhsilini yarımçıq saxlayıb. 1993-cü ildə Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Tehsil-press.az


Oxşar xəbərlər