Azərbaycan Texniki Universitetində tədbir: Zəfər yolu

Azərbaycan Texniki Universitetində tədbir: Zəfər yolu Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərinin 5 illiyinə həsr olunan “Zəfər yolu” adlı onlayn tədbir keçirilib.
tədbirdə çıxış edən rektor Vilayət Vəliyev Azərbaycan Ordusunun Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdığını vurğulayıb: “Məhz bu döyüşlərdə illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib”.
Rektor Aprel döyüşlərində AzTU-nun məzunları Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyevin şəhidlik zirvəsinə ucaldığını deyib. Qeyd edib ki, universitet şəhid tələbə və məzunlarının xatirəsini hər zaman əziz tutur, onlarla qürur duyur. Beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımız artıq işğaldan azad edilən Şuşada və digər ərazilərimizdə dalğalanır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarix yazan və xalqımıza qələbə sevinci yaşadan ordumuzun səyi nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Bu döyüşlərdə də AzTU-nun tələbə və məzunları böyük ruh yüksəkliyi ilə iştirak etdi, onlardan 27-si şəhidlik zirvəsinə ucaldı. AzTU tələbələri arasında vətənpərvərlik hissi hər zaman yüksəkdir.
Sonra AzTU-nun məzunu, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova və Müşfiq Orucovun anası Aygün Məmmədli övladları ilə bağlı xatirələrini bölüşüblər. 2016-cı il aprelin 19-da Cəbrayıl rayonunda minaya düşən polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova da şəhidin qəhrəmanlıq yolundan bəhs edib.
Aprel döyüşləri və Vətən müharibəsi iştirakçıları adından çıxış edən Elnur Hüseynov müzəffər Ordumuzun gücü və qətiyyəti barədə danışıb.
Tədbirdə AzTU tələbələrinin Aprel döyüşləri ilə bağlı hazırladıqları videoçarx nümayiş olunub. Daha sonra tələbələrin ifasında şeirlər səsləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər