BDU-da Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri ilə görüş

BDU-da Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində BDU könüllülərinin təşkilatçılığı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri ilə görüş olub.
Görüşdə Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar təşkilatın yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, təşkilat tərəfindən indiyə kimi onlarca kitab nəşr etdirilib. Birlik müxtəlif türk ölkələrində keçirilən konfrans, simpozium və festivallarda Azərbaycanı uğurla təmsil edib.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və gənclər arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində nəşr edilən, yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət "Gəncliyin sözü" kitabı təqdim olunub. Nəşrdə 55 gənc yazarın müxtəlif mövzularda əsərləri toplanıb.
Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, gənc yazarlar Ümid Nəccari, Elmin Nuri, Ulucay Akif və Nadir Yalçın çıxış edərək “Gəncliyin sözü” kitabının məziyyətlərindən bəhs ediblər.
Sonra bədii qiraətçi Anar Adilin ifasında şeirlər dinlənilib, tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər