Almaniya səfiri ADU tələbələrinin alman dilinə marağını yüksək qiymətləndirib

Almaniya səfiri ADU tələbələrinin alman dilinə marağını yüksək qiymətləndirib Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Volfqanq Maniq Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Səfirlə görüşdə ali təhsil ocağının rektoru akademik Kamal Abdulla tələbələrin alman dilinə olan marağından danışıb. Bildirib ki, ADU tələbələri alman dilini, Almaniyanın tarixi və mədəniyyətini böyük həvəslə öyrənirlər.
Rektor qeyd edib ki, mayın 6-8-də Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika institutlarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçiriləcək.
Kamal Abdulla Volfqanq Maniqi universitetin “Səfir saatı” layihəsinə tələbələrlə görüşə dəvət edib, alman dilinin təbliği ilə bağlı orta məktəblərdə təşviqedici tədbirlərin görülməsini təklif edib.
Səfir Volfqanq Maniq Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu deyib. Diplomat bildirib ki, “Səfir saatı” layihəsində tələbələrlə məmnuniyyətlə görüşəcək, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparacaq. ADU tələbələrinin alman dilinə olan marağını yüksək dəyərləndirən səfir “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumun təşkilini yüksək dəyərləndirib.
Görüşdə alman dilinin təbliği, mübadilə proqramları, birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra səfir tələbələrlə görüşüb.

Tehsil-press.az


Oxşar xəbərlər